Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Bazel" oyununda bir poroblem diqqətimizi çəkdi.
Belə ki, girişdə azarkeşləri yoxlayan polislər onların arenaya su keçirməsinə imkan vermirdilər. Elə özümüz də bu problemlə üzləşdik. Stadionda isə satış nöqtələri gözümüzə dəymədi.
Məsələ ilə bağlı müraciət etdiyimiz "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bunları söylədi:
"Su ilə bağlı arenada problem olmadığını dəqiqləşdirdim. Qaydaya görə tələb olunan budu ki, plastik su butulkası stadiona keçirilə bilməz. Bu qayda tək Bakı Olimpiya Stadionuna yox, başqa arenalara da aiddi. Azarkeşlərin su qablarını meydana ata bilmək ehtimalına görə belə addım atılır. Ən yaxşı halda butulkaların qapağı açılır və o şəkildə arenaya keçirilməsinə icazə verilir. “Bazel”lə oyunda da belə bir problem olmayıb, azarkeşlər özləri ilə gətirdikləri qabların qapağını açaraq içəri keçiblər. Birdəfəlik plastik su qabları var ki, onların belə içəri keçirilməsinə icazə verilir. Bundan başqa, stadionun müxtəlif nöqtələrində su satışı təmin olunmuşdu. Orda satılan suların belə qapağı açılaraq verilirdi. Bu ümumi qaydadı, belə tələb olunur. Yalnız Azərbaycanda yox, UEFA-nın bayrağı altında keçirilən bütün yarışlara şamil olunur. Şüşə qabların isə qapaqsız belə keçirilməsi qadağandı. Belə problemin olduğu haqda bizə məlumat gəlməyib. Müraciət edən olsa, növbəti oyunlarda bu məsələyə diqqət ayıracağıq. Azarkeşlərin rahat şəkildə stadiona gəlməsi üçün əlimizdən gələni etməyə hazırıq".
Klub rəsmisi bir maraqlı məqamı da diqqətimizə çatdırdı:
"Yəqin oyun ərzində fikir vermisiz, futbolçular bəzən meydanda olanda texniki zonadan su istəyirlər. Suyu verən şəxs onu meydana ata bilməz. Mütləq əlbəəl uzatmalı və səliqəli şəkildə verməlidi. Futbolçu meydannın kənarına gəlməli və suyu istəməlidi. Atılarsa, bu,UEFA nümayəndəsinin protokolunda meydana yad əşya atılması kimi qeyd olunur. Elə olan halda da klub cərimələnir. Bəlkə də heç kim fikir verməyib, amma bundan sonra oxucularınız da bu məqama diqqətlə fikir versinlər".
GÜNAY VƏLİYEVA