Fasilə başa çatdı və 1-ci divizionda mübarizə start götürdü.
Gəncəlilər bu mövsümü səbirsizliklə gözləyirdilər. Niyə də yox?! Axı “Kəpəz” 2021/22 mövsümünün əsas favoritlərindəndi. “Sarı-göylər” “transfer pəncərəsi” dönəmində heyətini yetərincə gücləndirib. Hətta bir çox tanınmış futbolçu komandanı çempion etmək üçün Gəncədə “lövbər salıb”. Amma sən saydığını say, gör fələk nə sayır…
Çempionatın ilk turunda “Kəpəz” doğma meydanda “Qəbələ-2” ilə qolsuz bərabərliyə razılaşdı. Təbii ki, bu nəticə azarkeşlər üçün gözlənilməz idi. Fanatlar kimi, biz də təəccübləndik. Heyətində güclü futbolçular olan komanda nədən “Qəbələ”nin əvəzəedicilərini məğlub edə bilmədi? Bununla yanaşı, redaksiyamıza “Kəpəz”lə bağlı maraqlı informasiya daxil olub. Mənbəmizin sözlərinə görə, oyundan sonra azarkeşlərlə komandanın baş məşqçisi Yaşar Vahabzadə arasında insident yaşanıb. Nəticədən narazı qalan fanatlar mütəxəssisi təhqir edib.
Bütün bunlarla bağlı Yaşar Vahabzadəni danışdırdıq:
“Əvvəlcədən bilirdim ki, görüş çətin olacaq. Çempionatın ilk qarşılaşmaları asan olmur. Futbolçular meydanda istədiklərini sərgiləyə bilmirlər. Bizdə də alınmadı. Ümumilikdə uşaqların oyunundan razı qaldım. Amma müəyyən çatışmazlıqlar var idi. Əsas da futbolçuların bir-birinə uyğunlaşa bilməməsidi. Bunun da səbəbi bəllidi. Yay fasiləsində normal yoldaşlıq görüşləri keçirə bilmədik. Bu da xətlərarası əlaqənin yaxşı qurulmamasına səbəb oldu. Əsas çatışmazlıq bu idi. Yenə də çalışacağıq ki, bu problemi aradan qaldıraq. Amma rəqib də çox güclü idi. “Qəbələ-2” çox xoşuma gəldi. Hamısı gənc uşaqlardı. Neçə illərdi bir yerdə oynayırlar deyə, bir-birini yaxşı başa düşürlər. Həqiqətən də çox maraqlı oyun alındı. Hələ ki 1 xallımız var. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq. Düşünürəm ki, futbolçular ötən qarşılaşmadakı səhvlərdən nəticə çıxaracaqlar. Oyundan-oyuna anlaşma problemi aradan qalxacaq. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Yaşar bəy oyundan sonra azarkeşlərlə arasında hansısa problemin yaşanmadığını dilə gətirdi:
“Fanatlar gəlmişdilər. Oyunu izlədilər, sonra da çıxıb getdilər. Aralarında nəticədən narazı olanlar var idi. Onların hamısı da istəyir ki, komandamız qələbə qazansın. Belə şeylərə normal yanaşmaq lazımdı. Böyüdüləcək nəsə baş vermədi”.
İLKİN SULTANLI