Bir müddət öncə AFFA İcraiyyə Komitəsi “Peşəkar hakim” statusunun tətbiqi ilə bağlı qərar qəbul etdi.
Daha sonra federasiyanın rəsmi saytı vasitəsilə burda 10 əsas, 15 köməkçi hakimlə müqavilə bağlanacağı bildirildi. Yeni qaydaya görə, referilər üçün əsas prioritet hakimlik olacaq. “Peşəkar hakim” statusuna malik olan referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 manat (gross), referi köməkçilərinə isə 700 manat (gross) məvacib ödəniləcək. Həmçinin onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar. Müqaviləyə qol çəkənlər ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər. Lakin onlar qarşılaşmaları idarə edərək qonorar ala bilərlər.
Qaydalarla tanış olduq, məsələ hər kəsə bəllidi. İndi görünməyən məqamlara toxunmaq lazımdı. Bu məqsədlə Hakimlər Komitəsinin sədri Frits Stuxliklə əlaqə saxladıq. Avstriyalı mütəxəssislə “Peşəkar hakim” statusu ilə bağlı söhbətləşdik.
- “Peşəkar hakim” statusu kimlərə verilib? Zəhmət olmasa, həmin siyahıda yer alanların adlarını açıqlaya bilərsiz?
- Hazırda Azərbaycan premyer-liqasında oyun idarə edən hakimlər və köməkçiləri bu siyahıda yer alıblar.
- Referilər “Peşəkar hakim” statusu ilə fəaliyyətə nə vaxt başlayacaqlar?
- Artıq başlayıblar. Sentyabrın 1-dən onların müqavilələri qüvvədədi.
- Referilər neçə yaşına kimi “Peşəkar hakim” kimi fəaliyyət göstərə bilərlər?
- Bütün hakimlər üçün hazırkı yaş limiti 45-di. Bundan sonra karyeralarını bitirməlidilər.
- Gələcəkdə “Peşəkar hakim” statusu almaq üçün gənclər nə etməlidi? Bu sistem necə tənzimlənəcək?
- Premyer-liqa səviyyəsinə yüksələcək bütün şəxslərə “Peşəkar hakim” statusu təklif olunacaq.
- Ancaq “Peşəkar hakim” statusu olanlar hakim-inspektor ola biləcəklər, yoxsa fərqli sistemdən istifadə olunacaq?
- Əsasnamə deyir ki, yalnız premyer-liqada baş hakim olan şəxslər hakim-inspektor kimi çıxış edə bilərlər.
-“Peşəkar hakim” statusundan məhrum olan şəxs gələcəkdə hakim-inspektor ola biləcək?
- Yenə deyirəm, hakim premyer-liqada oyun idarə edibsə, hakim-inspektor ola bilər.
İLKİN SULTANLI