İsveçrənin 20 qat çempionu “Bazel”ın əsası 1893-cü ildə qoyulub.
Eyniadlı şəhəri təmsil edir və ev oyunlarını 38512 azarkeş tutumuna malik “Sankt-Yakob Park”da keçirir. 127 yaşlı klubun prezidenti David Degendi. Komanda ev oyunlarında qırmızı-göy rəngli formadan istifadə edir. Maraqlıdı ki, “Bazel”in forması ilə “Barselona”nın istifadə etdiyi forma arasında oxşarlıq çoxdu. Deyilənə görə, Kataloniya təmsilçisinin əsasını qoyan isveçrəli mühacir Xuan Qamper cavanlığında “Bazel”in kapitanı olub və “Barsa”nı yaradanda sabiq klubunun rənglərinə üstünlük verib.
“Körpə” ləqəbi ilə tanınan “Bazel” ötən əsrin 60-70-ci illərində İsveçrə futbolunun lideri olmaqla yadda qalıb. Bu müddətdə 7 dəfə ölkə çempionu olan komanda 1973/74 mövsümündə o vaxtlar Çempionlar Kuboku adlanan turnirin 1/4 finalına qədər irəliləməyi bacarıb ki, “Seltik”lə dramatik məcrada keçən görüşdə mübarizəni dayandırıb. 20 il kölgəyə çəkilən “körpə” mükafatçılar sırasına düşməyib və bu illər ərzində İsveçrənin ikinci divizionuna da düşməyə imkan tapıb. Klubun yeni yüksəliş dövrü 2000-ci illərə təsadüf edib. 2002-də “qızıl dubl”la yadda qalan “qırmızı-göylər” əsrin əvvələrində 4 dəfə çempion olub və bir qədər də ölkə kubokunu başı üzərinə qaldırıb. 2005/06 “futbol ili”ndə UEFA kubokunun 1/16 və 1/8 finalında ardıcıl iki Fransa klubunu - “Monako” və Strasbur”u mübarizədən kənarlaşdıran “Bazel”1/4 finalda “Mildsbro”ya yenilib. 2012/13 mövsümündə isə “körpə” Avropa Liqasının yarımfinalında oynamaq hüququ qazanıb.
İsveçrəli Patrik Rahmenin çalışdırdığı hazırkı komandanın heyətində yer alan 30 futbolçudan 20-si legionerdi. “Bazel”in 7 futbolçusu isə öz ölkəsinin yığmasının şərəfini qoruyur. Məşhur “transfermarkt” portalı İsveçrənin eyniadlı şəhərini təmsil edən klubu 62 milyon 550 min avro dəyərləndirib. Komandanın ən bahalı oyunçusu braziliyalı Artur Kabral hesab olunur. Onun hazırkı transfer qiyməti 8 milyon avrodu. Mərkəz hücumçusu mövqeyində çıxış edən Artur 2020-ci ildə “Palmeyras”dan “Bazel”ə 2 milyon 700 min avroya keçib. Təsnifat mərhələsində 6 oyuna çıxan hücumçu qolçuluq bacarığı ilə yanaşı, məhsuldar ötürmələri ilə seçilir. O, bu yay avrokuboklarda 8 qol vurub, 4 məhsuldar ötürmə verib. “İnter”dən icarəyə götürülən Sebastyan Espozito da “körpə”nin “vuran ayaq”larından biridi. Transfer qiyməti 6 milyon avro dəyərləndirilən forvard cari avrokubok mövsümündə 6 oyunda meydana çıxsa da, adını tabloya yazdıra bilməyib. Komandasının 3 qolunda yaxından iştirak edib və məhsuldar ötürmə ilə yadda qalıb. 19 yaşlı hücumçu hazırda zədəlidi, “Qarabağ”la oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.
Patrik Rahmen bu ilin iyulunda baş məşqçi təyin olunub. Buna qədər isə 52 yaşlı mütəxəssis “Bazel”də köməkçi-məşqçi funksiyasını yerinə yetirib. Rahmen komandasını daha çox 4-2-3-1 sistemi ilə oynatmağı xoşlayır.
RƏŞAD