“İlk oyunumuzdu. Həmişə qrupda oynamağı istəmişik. Tam başqa səviyyədi. Əlbəttə, belə oyunlarda özümüzü yaxşı tərəfdən göstərmək istəyirik”.
“Football-plus.az” saytının məlumatına görə, bu sözləri Qurban Qurbanov deyib. “Qarabağ”ın baş məşqçisi Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri qarşılaşmanın mətbuat konfransında iştirab edib.
Təcrübəli mütəxəssis ən yaxşı oyunlarından birini göstərəcəklərinə ümid edir:
- “Bazel”in çox güclü heyəti var. Rəqibin hücumçularını necə zərərsizləşdirəcəksiz?
- Bu komanda çox dinamik futbol oynayır. Müdafiədən hücuma tez çıxırlar. Rəqibi təhlil edəndə ilk olaraq oyun sisteminə baxırıq. Ondan sonra ayrı-ayrı oyunçulara keçirik. Hər bir halda kollektiv oyun vacib olacaq. Həm hücumda, həm müdafiədə yaxın oynamağımız çox vacibdi. Rəqibin cərimə meydançasında təhlükəli oyunçuları var. Həm kollektiv, həm individual olaraq rəqibə diqqət ayrılacaq.
- “Neftçi”yə qarşı komanda çox güc sərf etdi. Tam bərpa olunmaq mümkün olubmu?
- Bəli, futbolçular çox güc sərf etdi. Ancaq inanın ki, mən bütün oyunlarımızın bu tempdə keçməsini istərdim. Bir qədər meydança amili komandanı daha çox yordu. Bütün stadionlarda müəyyən problemlər var. Bir qədər yorğunluq görünür. Hər bir halda, futbolçuların durumuna görə məşq proqramı qururuq. Bu gün çalışacağıq, elə yüklənmə olsun ki, sabaha tam hazır olsunlar. Səhər məşqimiz də olacaq. Yorğunluq barədə çox düşünmək lazım deyil. Bunu səbəb kimi görməməliyik. İllərdi bu rejimdə oynayırıq. Zədəli futbolçularımız var. Bu gün də bir neçə oyunçu fərdi məşq edəcək. İnanıram ki, sabah tam hazır olacağıq.
- Millidən qayıdan futbolçuların mövcud durumu necədi?
- Yığma komandadan sonra futbolçuların psixoloji çətinliklərinə görə narahat oluram. Ələlxüsus da “Qarabağ”da. Demək olar ki, digər futbolçulardan iki dəfə çox oyun keçirmiş olurlar. Fiziki yorğunluqla yanaşı, psixoloji çətinlik də yaradır. Futbolçunun düzgün istirahət etməsi vacibdi. Turnirlərə görə futbolçuların psixologiyası da dəyişir. Bu, onları yorur. Avroliqalarda oynamayanda futbolçuları ölkə çempionatına hazırlamaq daha asan olur. İlk oyun olması amili də məni narahat edir. Psixoloji yorğunluq fiziki yorğunluğa çıxarır. Futbolçularım çalışır ki, hər turnirdə özlərini yaxşı tərəfdən göstərsinlər. Bu, onların borcudu. Son illərin təcrübəsinə əsasən bunu müəyyən qədər aradan qaldıra bilirik.
- İbrahima Vadji düşündüyünüz qolçu hücumçu profilinə uyğun oyunçudumu?
- “Neftçi”yə qarşı çox yaxşı oynadı. Amma bu o demək deyil ki, tam istədiyimiz oyunu göstərir. Hər şeyi edəcəyik ki, o, daha yaxşı çıxış etsin, komandaya uyğunlaşsın. Fərqli çempionata, yeni komandaya gəlib. Fiziki gücü və sürətindən, qol vurmaq istəyindən razıyam. Ancaq bəzi komponentləri yaxşılaşdırmalıyıq. İnanıram ki, işgüzarlığı sayəsində bəzi çatışmazlıqları geridə qoyacaq. İstərdim ki, əvəzedilməz futbolçularımızdan olsun. Bütün futbolçularıma güvənirəm. Hər birinin inkişaf etməsini istəyirəm. Hamısı ilə fərdi söhbətlərimiz olur.
- Hər dəfə oyun günü də məşq edirsiz. Bu məşqdə nəyə diqqət edirsiz?
- Sıx qrafikdəyik. Zamanımız qısadı. Bir günün içində bütün istədiklərimizi futbolçulara verə bilmərik. Hazırlığın bir hissəsi bu gün baş tutacaq, qalanı sabah. Oyun gec saatlarda olanda mütləq səhər məşqimiz olur.