Təcrübəli türkiyəli basketbol məşqçisi Ərgin Ataman türkiyəli jurnalistlərlə görüşdə maraqlı açıqlama verib.
O, Türkiyə yığmasının başına almaniyalı Ştefan Kuntsun gətiriləcəyi ilə bağlı şayiələrə münasibət bildirib. Ötən mövsüm ''Anadolu Efes'' ilə Avroliqanın qalibi olaraq tarix yazan Atamanın Kuntsu bəyənmədiyi məlum olub:
''Futbol yığmamızda Şenol Günəş ayrıldı və indi hamını yeni məşqçinin kim olacağı maraqlandırır. Dünən internetdə qarşıma çıxan xəbər məni çox təəccübləndirdi. Türkiyədə bu qədər dəyərli məşqçilər ola-ola Almaniya çempionatında heç bir uğuru olmayan və son 5 ildə Almaniyanın gənclər yığmasını çalışdıran Ştefan Kuntsun komandamızın başına gətiriləcəyini oxudum. İnternetdə onun karyerasını araşdırıb daha da çox təəccübləndim. Çünki nə Almaniya çempionatında, nə də avrokuboklarda təcrübəsi var. Belə bir ismin yığmaya gətirilməsi çox qəribədi. Ümumiyyətlə futbol dünyası həqiqətən də qəribə dünyadı və müəmmalı şəkildə idarə olunur. Yaxşı ki, basketbolu seçmişəm və bu idman növündə ad-san qazanmışam''.