Ağatahir Əzimov zəif çıxışı qırmızı vərəqə ilə əsaslandırdı.
Kazanda təşkil olunan 1-ci MDB Oyunlarında 19 yaşadək futzalçılardan ibarət yığmamız da iştirak etdi. B qrupunda mübarizə aparan komanda ilk görüşdə Belarusa 0:6, ikinci oyunda Qırğızıstana 3:8 hesabı ilə uduzdu. Qrupda sonuncu olan U-19 yalnız 5-ci yer uğrunda qarşılaşmada Moldovanı üstələdi - 10:5.
Millinin zəif çıxışının səbəbini öyrənmək üçün baş məşqçi Ağatahir Əzimovla danışdıq.
- Yarışdan əvvəl təlim-məşq toplanışı keçdiz və komandadan razı olduğunuzu bildirdiz. Qısa müddətdə nə dəyişdi ki, nəticə belə uğursuz oldu?
- Cəmi iki aydı məşqlərə başlamışıq. Pandemiya səbəbindən 1 ildən çoxdu bizi zallara buraxmırdılar. Bu müddətdə də əslində komandanı yığmışdım. Bilirsiz ki, bu yaşda oyunçular tapmaq çox çətindi. Uşaq futzalı olmadığına görə məcburən bu yaş qrupuna uyğun böyüklərdən seçib gətiririk. Çox yaxşı qapıçımız və futzalçımız var idi. Hərbi xidmət yaşları olduğu üçün əsgərliyə getdilər və komanda bir az zəiflədi. İki ay əvvəl yeni oyunçular axtarmağa başladıq və 2 qapıçı tapdıq. Azər Fərmanov yaxşı olsa da, Fərid Mikayılov zəifdi. İlk oyunu Belarusa qarşı keçirdik. Matçın ikinci hissəsinin 6-cı dəqiqəsi gedirdi. 0:2 geridə olsaq da, qol imkanlarımız və yaxşı hücumlarımız oldu. Lakin hakim heç nədən Azərə qırmızı vərəqə verdi. Halbuki “qırmızı”lıq heç nə yox idi. Buna görə də, demək olar ki, qapıçısız qaldıq. Dediyim kimi, Fərid hələ zəif təsir bağışlayır. Digər oyunda da buraxdığı qollar məlumdu.
- Xüsusilə Qırğızıstan kimi rəqibə böyük hesabla uduzmağı heç kim gözləmirdi. Məğlubiyyətə səbəb nə idi?
- Qırğızıstanın zəif rəqib olduğunu düşünmürəm. Onlar son illərdə çox yaxşı futzal oynayırlar. 3-cü dəqiqədən sonra artıq 0:3 geridə idik. Qapıya hardan vurdularsa, demək olar ki, hamısı qol oldu. Qapıçımız üzərinə gələn topları belə buraxdı. Bu vəziyyətdə nə oyunçular, nə də məşqçi bir şey edə bilir. Uşaqlar meydanda canlarını qoyurdular. Bu onların günahı deyildi. 0:3 idi, 2:3 etdilər. Qapıçımız zəif oynadı, gülməli qollar buraxdı. Elə toplar buraxdı ki, ona nə deyəcəyimi belə bilmədim. Hətta o dərəcəyə çatdı ki, “məni çıxarın qapıdan, oynaya bilmirəm” söylədi. Cavab verdim ki, səndən başqa qapıçı yoxdu, kimi salacam yerinə? Özü də başa düşürdü ki, oyunu alınmır, hardan vururlarsa, buraxır. Yəni Fərid məcburiyyətdən çıxış etdi. Qapıçı kömək edəndə komanda da güclənir. Bunu bildiyimə görə Belarusla qarşılaşmada hakimə etiraz etdim ki, epizodun təkrarına baxılsın. Qırmızı vərəqə düzgün qərar deyildi. Amma mənə qulaq asmayıb yerimə göndərdilər. Beşinci yer uğrunda oyunda isə Moldova ilə qarşılaşdıq. Birinci hissədə 7:1 öndə idik deyə, digər oyunçulara da şans vermək istədim. Hamını yoxlamaq lazımdı. Sonda 10:5 qalib gəldik və 5-ci yeri tutduq. Bu görüşdə artıq qapıda Azər dayanmışdı.
- Qeyd etdiz ki, gənc nəsil çətinliklə yetişir. Belə çıxır ki, Azərbaycan futzalı hazırda brazilyalı və iranlı oyunçuların sayəsində irəliləyir?
- Təəssüf ki, futzalda uşaq məktəbləri yoxdu. Buna görə də kiçik yaşlarından oyunçular yetişdirə bilmirik. Bu da öz növbəsində nəticələrə təsir göstərir. Əlbəttə, 17-18 yaşında futzalçı tapmaq çətindi. Əvvəl küçələrdə futbol var idi. Gedib, baxıb oyunçu tapmaq olurdu. Artıq dövr dəyişib deyə o da yoxdu. Qalır böyük futbol. Onlar da, təbii ki, oyunçuları özləri üçün yetişdirirlər, bizim üçün yox. Biz komandaya düşməyənlərin arasından seçirik və başlayırıq onlara futzalı öyrətməyə. Əsasən ilk mərhələdə top saxlamaq və ötürmə verməkdən başlayırıq. Çünki futzalla futbol bir-birinə bənzəsə də, fərqli idman növləridi.
- Sizcə, 17-18 yaşında futzalı öyrənmək gec deyil?
- Əlbəttə, gecdi. Avropada 5-6 yaşından öyrənirlər. Rusiya və Belarusda da onun kimi. Buna görə də onlar yüksək səviyyədə oynayırlar. Çünki uşaqlara öncə futbolu yox, futzalı öyrədirlər. Zalda çıxış edirlər. Mən oynadığım zaman, 20-25 il əvvəl də orda uşaq futzal məktəbləri fəaliyyət göstərirdi.
SƏNƏM FƏRHADOVA