Xavyer Tebas yenə tənqid edib. Müasir futbolda ən böyük tənqidçilərdən biri kimi ad çıxaran İspaniya La Liqasının prezidentinin qəfil varlanan “Mançester Siti” və PSJ-nin ünvanına yönəltdiyi fikirlər hələ də səngimir. Belə desək, 59 yaşlı funksioner bu dəfə “Barselona” rəhbərliyini hədəf seçib.
O, Lionel Messinin bu klubdan ayrılıb PSJ-yə keçməsi haqda fikirlərini “Diario Sport”a açıqlamasında bildirib. Xatırladaq ki, peşəkar karyerasını ilk 18 ilini “Barselona”ya həsr edən argentinalı hücumçu Fransa klubu ilə azad agent kimi anlaşmışdı. Bir neçə il əvvəl “Real”ı “Yuventus”a dəyişən Kriştiano Ronaldodan sonra onun da İspaniyanı tərk etməsinin Tebası yaman dilxor etdiyi sözlərindən aydın olur. Hər halda Messi də uzun illər La Liqa brendinin populyarlaşmasında böyük pay sahibi olub. Tebası dinləyək:
“Messinin gedişi, əlbəttə ki, Ronaldo, Qvardiola və ya Mourinyonun İspaniyanı tərk etməsi kimi ağır oldu. Biz bunun bir gün baş verəcəyini bilirdik. Liqamızda uzun müddət dünyanın ən yaxşı komandalarında oynayan iki ən yaxşı futbolçu çıxış edib. La Liqanın dünya miqyasında öncül mövqelərə yüksəlməsində onların böyük rolu olub. Ola bilsin, Messinin gedişi daha ağrılı oldu. Çünki şəxsən mən onu futbol tarixinin ən yaxşı oyunçusu hesab edirəm. Lionel yalnız “Barselona”dan deyil, La Liqadan da belə getməyə layiq deyildi”.
Prezident argentinalı futbolçunun bu mövsümə də doğma klubunda başlamaq şansının olduğunu düşünür:
“Şəxsən bu məsələni telefon vasitəsilə “Barselona”nın prezidenti Xuan Laporta və klubun Direktorlar Şurası ilə müzakirə etmişəm. Əsas məsələnin maliyyə çətinlikləri ilə bağlı olduğu hamıya bəllidi. İqtisadi problemlərin fonunda həll yolları axtarırdıq. Amma iş gedib başqa səmtlərə də çıxırsa, mən burda hansısa dəyərləndirmə apara bilmərəm. Fikrimcə, növbəti mövsümdə “Barsa”nın təqdim edəcəyi rəqəmlər əsasında Messinin komandada qalmaq şansının olub-olmadığını anlayacağıq. Hərçənd klubun aparıcı futbolçusu ilə vidalaşmaq qərarına hörmətlə yanaşıram. Amma hər şeyi olduğu kimi demək lazımdı. Bu, klubun iqtisadi durumu ilə bağlı qərar deyildi. Bunu dəqiq bilirəm”.
Jurnalistin futbolçunun gedişinin “Barselona”nın CVC şirkəti ilə anlaşmadan imtinasıyla bağlı olması haqda sualına Tebas belə cavab verib:
“Laporta ilə Messi əvvəlcə əllərini sıxmışdılar, çünki klubun prezidenti bir ay ərzində götür-qoy edərək CVC-nin təklifini qəbul etmişdi. Hətta mənə iki dəfə zəng edərək danışıqlar prosesinin tezliklə başa çatdırılmasını istəmişdi. Çünki prosesin uzanması Messini əsəbləşdirirdi. CVC bütün klublar üçün nəzərdə tutulan qlobal layihədi. Bu layihə “Baselona”ya yalnız borcların ödənilməsində deyil, həm də futbolçuların maaşları ilə bağlı çətinliklərin aradan qaldırılmasında da faydalı ola bilərdi. Proses müqavilənin bağlanmasına doğru gedirdi. Lakin son 72 saatda hər şey alt-üst oldu. İmtina qərarı Laporta və ətrafına təsir etmək üçün Ferran Ruverterə (klubun icraçı direktoru – red.) məxsus idi. Fikrimcə, bu qərar Superliqa və “Real”ın da dəstək verdiyi strategiya ilə sıx bağlıdı”.
Xatırladaq ki, La Liqa biznesinin 10 faizinin “CVC Capital Partners”ə 2,7 milyard avroya satılmasıyla bağlı razılığa gəlmişdi. Amma “Real” və “Barselona” anlaşmanın əleyhinə çıxmışdılar. Yeri gəlmişkən, Laporta klub telekanalının efiri vasitəsilə Tebasın fikirlərinə münasibətini bildirib:
“Tebasın açıqlamasını yersiz hesab edirəm. O, klublarla qarşılıqlı anlaşma şəraitində işləmək əvəzinə münaqişə və qarşıdurmalara can atır. Onun “Barselona”nı və klubumuzun dəyərlərini zədələmək üçün yollar axtarmaq kimi xəstəliyi var. Onu çox yaxşı tanıyırıq. Tebas Messinin “Barsa”da qala biləcəyini deyir. Leonun gedişinə isə məhz La Liqanın rəhbəri səbəbkar olub. Futbolçu bu adamın təkəbbürü və onun ortaya atdığı “maliyyə feyr-pley”i qaydaları üzündən doğma klubunda qala bilmədi. Tebas həmişə baş qəhrəman olmaq istəyir. Başqa aparıcı liqalardakı “maliyyə feyr-pley”i qaydaları İspaniya ilə müqayisədə daha kövrəkdi. Bu səbəbdən heç bir klub ən yaxşı oyunçusunu itirməyib”.