DÇ-2022-nin seçmə mərhələsində baş tutan Azərbaycan – Portuqaliya qarşılaşmasından sonra “Milli dəstə” rəsmi “feysbuk” səhifəsində paylaşım edərək, AFFA ilə əməkdaşlığa son verdiyini açıqladı.
Onlar həmçinin AFFA rəhbərliyini istefaya çağırdılar. Bəs birdən-birə nə baş verdi ki, fanklub bu addımı atdı? Sualımıza cavab tapmaq üçün AFFA-nın Mətvuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə danışdıq:
“Onlar azarkeş qrupudu və paylaşdıqları yazı ilə bağlı şərhim yoxdu. Bunun səbəbini “Milli dəstə”dən öyrənməyiniz daha düzgün olar. İşbirliyi ondan ibarət idi ki, onlar millinin oyunlarında bilet xahiş edirdilər. AFFA da biletlə təmin edirdi. Bu, sadə bir şeydi. Müraciət etməyəcəklərsə, bilet də verilməyəcək. Başqa mənası yoxdu. Yazı ilə tanışam. Amma “AFFA ilə əməkdaşlığı dayandırırıq” cümləsində “əməkdaşlıq” sözünü işlətmək nə dərəcə doğrudu, bunu bilmirəm. Çünki bizə istənilən azarkeş qrupu müraciət edəndə ki, millinin oyunlarında iştirak etmək istəyirik, həmişə bilet təşkil olunub. Heç qrup olmasına da ehtiyac yoxdu. Xaricdə yaşayan soydaşlarımız ayrı-ayrılıqda da müraciət edəndə, müsbət cavab alırlar. Dediyim kimi, “Milli dəstə”nin hansı səbəbdən belə yazı paylaşdığını özlərindən öyrənə bilərsiz”.
Məsələ ilə bağlı “Milli dəstə”nin rəhbəri Şamil Mustafayevlə əlaqə saxlasaq da, cavab verməkdən boyun qaçırdı.
SƏNƏM FƏRHADOVA