
''Türkiyəli fanatlar bizi qazanın dibinə atmağa çalışacaqlar''
Sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ''Beşiktaş'' İstanbulda Dortmund ''Borussiya''sını qəbul edəcək.
Dortmundluların rəsmisi Sebastyan Kel oyunla bağlı Almaniya mətbuatına diqqətçəkən açıqlamalar verib. Rəqib azarkeşlər tərəfindən güclü təzyiqə məruz qalacaqlarına işarə vuran Kel bunları deyib: ''Cox duyğusal bir qarşılaşma olacaq. Türkiyəli tərəfdarlar İstanbulda bizi qazanın dibinə atmağa çalışacaqlar. Buna əminik. Amma səfərdə ''Beşiktaş''a qarşı həyatda qalmağın yollarını bilirik və bundan yararlanacağıq''. Bilindiyi kimi 2017/18-də ''Beşiktaş'' ÇL-in qrupunda öz meydanında ''Leyptsiq'' ilə qarşılaşarkən ''Vodafon Park''dakı təzahüratların səsindən Timo Verner qulağında problem yaşamış və artıq ilk yarıda əvəzlənmişdi!
Onu da bildirək ki, ''Borussiya'' bu mövsüm qol vurmaqla bağlı problem yaşamasa da, müdafiədə çox inamsız təsir bağışlayır. Komanda bundesliqada 4 tura artıq 9 qol buraxıb ki, bu da son 30 ilin ən pis göstəricisidi. 1991/92-də də ''arılar'' ilk 4 tura 9 top buraxmışdılar. Ümumilikdə Marko Rozenin kollektivi bu mövsüm keçirdiyi 6 rəsmi oyunda 17 qol vurduğu halda öz qapısından 12 top buraxıb.