Xəbər verdiyimiz kimi, Konfrans Liqasının H qrupunun “Qarabağ” - “Bazel” oyununu Erik Lambrexts idarə edəcək.
36 yaşlı belçikalı referi sentyabrın 17-də Leuven şəhərində dünyaya göz açıb. Əsl peşəsi satış mütəxəssisi olan Erik 2007-ci ildə, 23 yaşında hakimliyə başlayıb. Belçika çempionatında ilk oyununa 2012-ci il fevralın 25-də çıxıb. O, liqanın 27-ci turunun “Kortreyk” - “Lokeren” görüşünü idarə edib. Qarşılaşmada qonaqlar 5:2 hesablı qələbə qazanıb.
Erik Lambrexts bu mövsüm avrokuboklarda 2 oyun idarə edib. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Jalgiris” - “Ferentsvaroş” matçında, Konfrans Liqasının “Makkabi” (Hayfa) - “Torshavn” görüşlərində əsas söz sahibi olub.
Erik azərbaycanlı futbolseverlər üçün də tanış simadı. Belçikalı 2016/17 mövsümündə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşü olan “Şkendiya” - “Neftçi” qarşılaşmasında ədaləti qoruyub. Görüş 1:0 hesabı ilə Şimali Makedoniya təmsilçisinin xeyrinə başa çatıb. Bununla da komandamız Avropa Liqası ilə vidalaşıb.
Referi 19 yaşadək futbolçulardan ibarət millimizin oyunlarına da təyinat alıb. 2018-ci ildə Avropa çempionatının ilkin seçmə mərhələsinin Azərbaycan - Lixtenşteyn (3:0) matçında əsas, Gürcüstan - Azərbaycan (1:2) oyununda isə köməkçi hakim funksiyasını yerinə yetirib.
İLKİN SULTANLI