
Beyl nə vaxt qayıdacaq?
Bu günlərdə Qaret Beylin bir neçə gün futbol oynaya bilməyəcəyi açıqlanmışdı.
Yayılan məlumatda “Real”ın təcrübəli futbolçusunun komandasının növbəti iki matçını buraxacağı bildirilmişdi. İspaniyada çıxan “AS” qəzetinin yaydığı məlumatda 32 yaşlı yarımmüdafiəçinin ayaq əzələlərində problem aşkarlandığı qeyd edilirdi. Bu səbədən “Real”a La Liqada bazar günü keçirilən “Selta” ilə oyunda (5:2) kömək edə bilməyən Beylin Çempionlar Liqasında sentyabrın 15-nə təyin olunan “İnter”lə matçda da görünməyəcəyi məlum idi.
Son xəbərdə isə “Selta” ilə oyundan əvvəlki məşqdə dizaltı vətəri zədələnən futbolçunun qeyri-müəyyən müddətə sıradan çıxdığı bildirilir. Həkimlər hələ ki Qaretin yaşıl meydana konkret nə vaxt qayıdacağına qərar verə bilməyiblər. Uelsli vingerin azı oktyabrın ortalarınadək topa toxuna bilməmək ehtimalı var. Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm müxtəlif zədələr səbəbindən 70 günə yaxın oynamamışdı.