Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti üç oyununu keçirdi.
Canni de Byazinin komandası səfərdə Lüksemburqa 1:2 hesabıyla uduzdusa, İrlandiya ilə qarşılaşmada son dəqiqələrdə qələbəni əldən verdi. Bakı Olimpiya Stadionda keçirilən görüşdə isə Portuqaliyaya 0:3 hesabı ilə məğlub oldu. Bununla da yığmanın Qətərdə keçiriləcək dünya çempionatında iştirak şansı qalmadı. Hazırda hesabında 1 xal olan millimiz A qrupunda 5-ci, yəni son pillədə qərarlaşıb. Bu yazıda sizə italiyalı mütəxəssisin son üç qarşılaşmada etdiyi səhvlərdən və planlarından bəhs edəcəyik.
1. Bütün görüşlərdə güvənilən 11 futbolçu
De Byazi 3 görüş üçün 26 futbolçunu yığmaya dəvət etmişdi. İtaliyalı çalışdırıcı bu qarşılaşmalarda 21 futbolçunun xidmətindən yararlandı:
1. Şahruddin Məhəmmədəliyev 3 oyun (270 dəqiqə)
2. Emin Mahmudov 3 (270)
3. Höccət Haqverdi 3 (270)
4. Filip Ozobiç 3 (251)
5. Qara Qarayev 3 (209)
6. Namik Ələskərov 3 (205)
7. Toral Bayramov 3 (188)
8. Mahir Emreli 3 (186)
9. Azər Salahlı 3 (164
10. Abbas Hüseynov 3 (141)
11. Anatoli Nuriyev 3 (72)
12. Elvin Bədəlov 2 (180)
13. Maksim Medvedev 2 (160)
14. Anton Krivotsyuk 2 (136)
15. Əli Qurbani 2 (90)
16. Rəhim Sadıxov 2 (36)
17. İsmayıl İbrahimli 1 (45)
18. Təmkin Xəlilzadə 1 (45)
19. Vüqar Mustafayev 1 (28)
20. Rüstəm Əhmədzadə 1 (20)
21. Ramil Şeydayev 1 (11)
Bu siyahıdan görmək olar ki, De Byazi 3 futbolçunun hazırlıq səviyyəsinə tam güvənərək onları 270 dəqiqə meydanda saxlayıb. Şahruddin, Emin və Höccət italiyalı mütəxəssisin vazkeçilməz adlarındandı. Təbii ki, Maksim Medvedev İrlandiya ilə oyunda zədələnməsəydi, 270 dəqiqə meydanda olanlar sırasında yer alacaqdı. Anton Krivotsyuk da elə həmin görüşdə cəzalı duruma düşməsəydi, hər üç qarşılaşmada meydanda ola bilərdi. Yuxarıdakı siyahıya nəzərən deyə bilərik ki, De Byazi millinin növbəti görüşündə aşağıdakı “11-liy”ə güvənəcək: Şahruddin - Azər - Anton - Höccət - Maksim - Toral - Qara - Emin - Ozobiç - Namik - Mahir.
Zədəlilər və cəzalı duruma düşənlər olacağı təqdirdə aşağıdakılar meydana çıxacaqlar: Anatoli - Abbas - Elvin - Əli - Rəhim.
2. Yığmanın çalışdırıcısı 3 qarşılaşmada aşağıdakı 5 futbolçuya 1 dəqiqə belə şans vermədi:
1. Mehdi Cənnətov
2. Aydın Bayramov
3. Sərtan Taşkın
4. Bəhlul Mustafazadə
5. Şəhriyar Əliyev
Mütəxəssisin Mehdi və Aydına güvənməməsini hardasa başa düşmək olar ki, Şahruddin hazırda ölkənin ən yaxşı qapıçısıdı. Həm “Qarabağ”ın, həm də millinin heyətində kifayət qədər yaxşı oyun sərgiləyir. Sərtanın meydana çıxmamasının da səbəbi aydındı. “Zirə”nin müdafiəçisinin beynəlxalq oyun təcrübəsinin azlığı, Maksim və Abbasdan zəif olması ona şans verilməməsinə şərait yaradır. Şəhriyar, ümumiyyətlə, yığmaya Portuqaliya ilə oyun üçün çağrıldı. De Byazi Antonla Maksimum olmamasından ehtiyatlanıb ən pis halda ona şans verməyi düşünə bilərdi. Həm jurnalistlər, həm də azarkeşlər üçün qaranlıq qalan məqam Bəhlulun üç oyunda bir dəfə belə şans qazana bilməməsi oldu. Hansı ki, futbolçu hazırda “Qarabağ”da çıxış edir və formasını bərpa etməkdədi. Yəqin ki, Höccət - Elvin duetinin daha hazırlıqlı olması və bir-birini yaxşı anlaması Bəhlulun qarşılaşmalarda şans əldə etməməsinə səbəb olub. Yoxsa bunun başqa izahı yoxdu.
3. De Byazinin səhvləri
a) Lüksemburqla oyunda heyət səhvi
İlk dəfə idi ki, həm media, həm də azarkeşlər tərəfindən italiyalı mütəxəssis bu qədər tənqid olunur. Bunun da səbəbi Lüksemburqda oyunda məğlub olmağımız idi. Aşkar deyə bilərik ki, həmin görüşdə meydana səhv “11-lik” buraxılmışdı. Ölkə xaricində çıxış edən futbolçuların start heyətində olmaması birbaşa De Byazinin günahı kimi qiymətləndirilməlidi. Oyundan sonrakı açıqlaması isə fiasko idi. İtaliyalı “onlar toplanışa gec qoşulmuşdu deyə oynamadılar” deyərək, öz imicinə yaraşmayan açıqlama vermiş oldu. Bu da futbol ictimaiyyəti arasında lağlağı mövzusuna çevrildi. Lakin Portuqaliya ilə qarşılaşmadan sonra səhvini etiraf etdi. O, ilk hissədə hesabı qoruyub, fasilədən sonra legionerləri meydana buraxıb qələbə qolunu vurmaq niyyətində olduğunu dilə gətirdi. Lakin start heyətində meydana çıxan Abbasın belə səhvlər edəcəyini düşünməmişdi...
b) Lazımi futbolçulara şans verməməsi
Burda dilə gətirəcəklərimiz subyektiv fikirdi. De Byazi “ürəyinə yatan” futbolçulara daha çox şans verir. Məsələn, özü də etiraf edir ki, Eminlə söhbət etdikdən sonra ona şans verməyə başladı. Mahmudov hazırda millinin ən yaxşı futbolçusudu. Portuqaliya ilə ilk oyunda və Serbiya ilə qarşılaşmada Namikə, demək olar ki, şans vermədi. İctimaiyyətin qınağından, “Neftçi”dəki uğurlu çıxışından sonra Ələskərov son 3 oyunun hamısında meydanda oldu. İndi isə hamı deyir ki, Əli Qurbani yığmaya layiq oyun sərgiləmir. Lakin De Byazi “milliləşdirilən” futbolçudan əl çəkmir. Hər dəfə ona şans verir. Bizə qaranlıq qalan məsələlərdən biri də Ozobiçlə bağlı idi. Xorvatiya əsilli futbolçu “Qarabağ”da son oyunlarda 90 dəqiqə meydanda olmur. Ağdam təmsilçisinin heyətindəki yerini yeni transfer Kadi Borgesə verib. Lakin De Byazi 30 yaşlı yarımmüdafiəçini hər üç qarşılaşmada ilk “11-lik”də meydana buraxdı. Hamıya da maraqlıdı ki, ardıcıl 8 il “köhlən atlar”ı avrokubokların qrup mərhələsinə daşıyan Qurban Qurbanovun Filipdə görmədiyini De Byazi necə görür?
Növbəti qaranlıq məsələ isə Rəhim Sadıxovla bağlıdı. Yarımmüdafiəçi “Sumqayıt”ın əsas futbolçusudu. Premyer-liqanın 2 turunda 2 qol vurub, 2 assist edərək “kimyaçılar”ın hazırda lider olmasına şərait yaradıb. De Byazi isə ona şans vermir. Bunun səbəbini Portuqaliya ilə qarşılaşmadan sonra belə izah etdi: "Sumqayıt" milli komanda deyil. Amma Rəhim yaxşı keyfiyyətə malik oyunçudu. Perspektivli futbolçudu. Yəqin ki, ona da bir müddət vaxt lazımdı”.
Yenə deyirik, bunlar bizim subyektiv fikirlərimizdi. Milliyə dəvət olunan futbolçuların hamısı Azərbaycanı təmsil edir. Kimisə kimdənsə üstün tutmuruq. Ola bilər ki, “pislədiyimiz” futbolçular məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər deyə, De Byazi onlara şans verir. Bu futboldu. Hər şey baş verə bilər. Oyunun içində min cür “oyun” da oynanıla bilər, ədalətli də davranılar. Bizim isə bir istəyimiz var: layiq olan futbolçular meydana çıxsın, millimiz güclü olsun.
İLKİN SULTANLI