Yığmanın son üç oyundakı çıxışı futbol ictimaiyyətində haqlı narazılıq doğurdu. Veteranlar, mütəxəssislər, yığmanın sabiq ohyunçuları – bir sözlə, hər kəs bu haqda danışır, uğursuzluqlara izah tapmağa çalışır.
Canni de Byazinin yerli köməkçilərindən biri Arif Əsədovla söhbətdə biz də buna cəhd etdik.
- Baş məşqçinin köməkçisi kimi son 3 oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Məqsəd səfərdə keçirəcəyimiz hər iki oyundan xal və ya xallar ilə dönmək idi. Əsas hədəf, təbii ki, 3 xal, minimum hədəf isə hər iki oyunda hesabımıza 1 xal yazmaq idi. Təəssüf ki, ilk matçda istəyimizə nail ola bilmədik. Lüksemburqla matçın birinci yarısında komanda zəif oynasa da, fasilədən sonra dönüş edə bildik. Mənə elə gəlir ki, bir qədər də vaxt olsaydı, yığma Lüksemburqla oyunda ikinci topu da vuracaqdı. İrlandiya ilə oyuna gəlincə, ilk görüşdə məğlubiyyət bizi vadar etdi ki, meydana yalnız qələbə üçün çıxaq. Baş məşqçi də komandanı məhz 3 xala kökləmişdi. Ola bilsin, Dublindəki matçın ilk hissəsində milli o qədər də baxımlı oyun sərgiləmədi. Baş məşqçinin tapşırığı idi ki, ilk yarıda qapının toxunulmazlığı təmin olunsun. Bilirdik ki, meydan sahibləri qələbə qazanmaq üçün istər-istəməz irəli atılacaq. Onlar buna məcbur idilər. 1-ci hissədə minimum tapşırığı yerinə yetirən kollektiv ikincidə təşəbbüsü ələ aldı. Hələ hissənin sonunda Emin Mahmudovun vurduğu gözəl qolla hesabda önə çıxdıq. Qoldan sonra irlandların böyük qüvvə ilə irəli atılacağını, cərimə meydançasına asmalar hesabına nəsə etmək istəyəcəklərini bilirdik. Bizim komandanın da zəif tərəfi məhz budu. Futbolçularımız bacardıqlarını etdilər ki, qapımızda qol görməyək. Buna baxmayaraq, sona 3 dəqiqə qalmış meydan sahibləri hesabı bərabərləşdirməyi bacardılar. Fikir vermisizsə, onların mərkəz müdafiəçiləri belə sona 10 dəqiqə qalmış artıq hücumçu kimi oynamağa başladı. Bilirdilər ki, bizi ancaq bunda üstələyə bilərlər. Və bundan da maksimum yararlandılar. Ancaq səfərdə qazanılan 1 xal da qazanc kimi qəbul olunmalıdı. Portuqaliya ilə oyuna gəlincə...
- Doğma meydanda keçirdiyimiz həmin görüşə ayrıca toxunacağıq. Lüksemburqla oyunda Canni de Byazinin meydana buraxdığı start heyəti, demək olar, hamını təəccübləndirdi. Aparıcı oyunçuları ehtiyatda saxlayan baş məşqçinin niyyəti nə idi?
- Komanda avqustun 25-dən bir araya gəlmişdi. Avrokubokda iştirak edən “Neftçi” ilə “Qarabağ”ın oyunçuları 28-də düşərgəyə gəldilər. Ölkə xaricində çıxış edən futbolçular isə avqustun 30-da kollektivə qoşuldular. Yol yorğunluğunu, mikrozədələri nəzərə alan baş məşqçi Lüksemburq və İrlandiya ilə oyunlar üçün fərqli strategiya cızmışdı. İlk görüşdə məqsəd 1-ci hisssədə qapını toxunulmaz saxlayıb, fasilədən sonra yorulmuş rəqibin qarşısına kreativ oyunçuları - Mahir Emreli, Namik Ələskərov və başqalarını buraxmaqla üstünlük qazanmaq idi. Buna qədər Lüksemburqla iki dəfə qarşılaşmışdıq deyə, onların oyun tərzini bilirdik. Bilirdik ki, rəqib ilk dəqiqələrdən hücuma atılacaq. Yenə təəssüflə qeyd etmək istəyirəm ki, düşündüyümüz alınmadı. 1-ci hissədə qapımızda gördüyümüz iki qol bütün planları alt-üst etdi. Fasilədən sonra edilən dəyişikliklər, adını çəkdiyim futbolçuların meydana çıxması təsirini göstərdi və biz rəqibdən üstün oyun sərgilədik. Baş məşqçi 3 oyunu nəzərə almaqla strategiya cızmışdı. Bütün bunları bəhanə kimi səsləndirmirəm. Erkən buraxılan qollar düşündüyümüz taktikanı alt-üst etdi.
- Bu gün futbol ictimaiyyəti arasında belə fikir səslənir ki, bəzi oyunçular klublarında daha yaxşı çıxış edirlər, nəinki yığmada. Nümunə kimi Abbas Hüseynovu göstərmək olar. “Qarabağ”ın liderlərindən olan Abbas millidə ən zəiflərdən biri idi. Bu nədən irəli gəlir? Filip Ozobiçlə Təmkin Xəlilzadənin də adını çəkmək mümkündü...
- Hər futbolçu səhv edə bilər. Bu gün Abbas səhv edibsə, sabah başqası bunu təkrarlaya bilər. Biz onun üstündə dayanmırıq. Demirik ki, bu gün o səhv etdiyinə görə uduzmuşuq. Ola bilsin, yığmada oyunlar klubdakından fərqli olur. Çünki klub və yığma səviyyəsində rəqiblər başqadı. Yığmalara ölkənin ən yaxşıları dəvət olunur. Digər tərəfdən, “Qarabağ”da Abbasın yanında və yaxud qarşısında Xayme Romero oynayır, yığmada fərqli oyunçu çıxış edir. O öz komandasında Romero ilə hər gün məşqə çıxır, daim meydanda bir yerdə olduqlarından, bir-birini daha yaxşı başa düşürlər. Bu da təsir edə bilər. Bəlkə də Abbas son oyunlarda zəif təsir bağışladı. Ancaq bunu da nəzərə alın ki, istər klubunda, istərsə də yığmanın əvvəlki görüşlərində özünü yaxşı tərəfdən göstərdiyindən bu gün də milliyə dəvət alır.
- Portuqaliya ilə qarşılaşmada komanda çox yorğun, həvəssiz görünürdü. Sanki futbolçular matç başlamamış məğlubiyyətlə barışmışdı. Bu rəqibin adından irəli gəlirdi, yoxsa qısa vaxtda ardıcıl üç oyun keçirməkdən? Yəni futbolçular fiziki cəhətdən hazır deyildi?
- Öncə rəqibi nəzərə almaq lazımdı. Lüksemburq və İrlandiya ilə görüşlərdə fiziki mübarizə tələb olunurdusa, Portuqaliyanın heyətində qapıçıdan tutmuş hücumçuya qədər hər biri çox asanlıqla iki futbolçunu aldada biləcək səviyyədə idi. Ona görə də hər birinin qiyməti milyonlarla ölçülür. Biz futbolçularımıza kompakt oynamağı, rəqibə pressinq etməyi tapşırmışdıq. Ancaq alınmırdı. Bu da ondan irəli gəlirdi ki, iki gün fasilə ilə artıq üçüncü oyuna çıxmışdıq. Komanda yorğun idi. Yadınızdadısa Turində baş tutan ilk görüşdə futbolçularımız pressinq edirdi, meydanda sona qədər mübarizə aparırdı. Məhz bu səbəbdən martda keçirilən görüşdə Portuqaliya qələbəni çətinliklə əldə etmişdi. Ancaq Bakıda bunu görə bilmədik ki, bu da futbolçuların ardıcıl iki görüşdə itirdikləri güclə bağlı idi. İstəsələr də, bacarmadılar. İlk növbədə rəqibin ustalığı, ardından da yorğunluq Bakıdakı qarşılaşmada sözünü dedi.
- Ardıcıl 3 oyunun olacağını nəzərə alıb, heyəti bir qədər genişləndirmək olmazdı? Əksər yığmalar məhz bu təcrübədən yararlanır.
- Bu toplanışa baş məşqçi 25 futbolçu dəvət etmişdi ki, onlardan 3-ü qapıçı, 22-si meydan oyunçusu idi. Fikir də o idi ki, iki heyətimiz olsun. Rotasiyalar iki oyunda özünü göstərdi. Lakin son qarşılaşmada zədələr və cəzalar bizə artığını etməyə imkan vermədi. Rotasiya edəndə də heyəti 100 faiz dəyişmək mümkün deyil. Uzağı bir oyunla ikinci arasında heyəti maksimum 30 faiz yeniləmək olur. 70 faiz yerində qalmalıdı ki, oyun planı pozulmasın. Bizim kimi yığmalara hər futbolçunun itkisi baha başa gəlir.
- Son görüşlərdə müdafiə bərbad təsir bağışladı. Bəlkə də fərdi qaydada müdafiçilər ikili mübarizələrdə pis görünmürdülər. Ancaq kollektiv müdafiə fiasko idi ki, bu da yekun nəticədə özünü göstərdi. Uşaq səhvlərindən qapımızda qollar gördük.
- Özünüz də qeyd etdiz ki, kollektiv. Kollektiv deyiriksə, yol verilən səhvlər təkcə müdafiəçilərə aid deyil. Komanda şəklində xətalar oldu. Ola bilsin, müdafiə fazasında boşluqlar verdik. Təbii ki, fərdi səhvlər oldu. Yenə Abbasın adını çəkəcəm. İlk oyunda o fərdi səhvə yol verdi. Deyək ki, “sürüşmə” fəndinə ehtiyac yox idi. Və yaxud birinci qolda rəqibi qabaqlamaq istəyirdi, amma bir az gecikdi. Bundan istifadə edən rəqib futbolçu boş zonaya ötürmə etdi. Bütün bunlara baxmayaraq, deməzdim ki, arxa xətt oyunçularımız tam bərbad oynadılar. Fikrimcə, hər 3 qarşılaşmada meydanda olan Höccət Haqverdi özünü yaxşı tərəfdən göstərdi. Elvin Bədəlov zədə səbəbindən optimal formada olmasa da, əlindən gələni etdi. Maksim də düşərgəyə zədəli gəlsə də, iki oyunda yaxşı çıxış etdi. Bu nüansları nəzərə alıb deməzdim ki, sırf müdafiəçilərə görə iki görüşdə uduzmuşuq.
- Qarşıda yığmanı son 3 matç gözləyir. Həmin oyunlardan nə gözləyirsiz?
- De Byazi çox nikbin mütəxəssisdi. Daim qələbə haqda düşünür. Fikir vermisizsə, oyunun gedişində çox emosianal olur, istəyir ki, həmin emosiyanı meydandakı futbolçulara aşılasın. Baxmayaraq ki, qrupdan çıxmaq şansımız itib, qarşıdakı oyunlarda maksimum nəticəyə köklənmişik. Onsuz da Portuqaliya ilə Serbiyanın yer aldığı qrupdan dünya çempionatına vəsiqə qazanacağımıza heç kim inanmırdı. Ancaq italyan mütəxəssis heyəti gəncləşdirdi, düşərgəyə yeni futbolçular çağırdı və bundan çəkinmədi. Artıq millinin formalaşmış heyəti var və bu gələcək adına atılan addımdı.
RƏŞAD