Azərbaycan premyer-liqasının 3-cü turunun mərkəzi qarşılaşmasında “Neftçi” “Qarabağ” ilə münasibətləri aydınlaşdırıb.
Oyun zamanı və sonrası “İmarət”in üzvləri flaqmanın baş məşqçisi Samir Abasovu istefaya səsləyiblər. Mətbuat konfransında 43 yaşlı mütəxəssis məsələyə belə reaksiya verib:
“Fanatlara meydanda verdiyim cavab ağır idi. Onu burda mətbuata deyə bilmərəm. Onların belə etməsi mənim üçün yaxşıdı. Samir 7 il sonra gəldi, onların əlindən çempionluğu aldı. Əlbəttə, onlar üçün Samirin getməyi yaxşıdı”.
Ağdam təmsilçisinin əsas azarkeş qruplarından olan “İmarət” rəsmi “feysbuk” səhifəsi vasitəsi ilə Samir Abasovla bağlı məsələyə aydınlıq gətirib:
“Dünənki matçda azarkeşlərimizin “Samir, istefa” şüarları səsləndirməsi sırf rəqib fanatlara göndərmə idi. Uduzan məşqçini istefaya səsləmək onların adəti olduğundan bu şüar bir atmaca idi. Bizim üçün fərqi yoxdu ki, “Neftçi”nin baş məşqçisi postunda kim var. Kim olur-olsun, yenə bizim üçün rəqib olacaq. O ki qaldı Samir Abasova qarşı hörmətsizliyə, belə hadisə bu günə qədər baş verməmişdi, ancaq bundan sonra olacaq. Çünki Samir həddini aşıb, hələ utanmaz-utanmaz bunu mətbuat konfransında da dilə gətirib. Avropa çempionatlarında baş məşqçilər azarkeşə bu cür cavab vermir. Abasov deyib ki, “çempionluğu əllərindən almışam”. Hə, Samir, çempionluğu almısız. Amma bizim əlimizdən yox. Bizim əlimizdən alsaydın, halalın olardı, bu gün də təkərə düşməzdin. Çempionluğu kimin əllərindən aldığın hamıya məlumdu. Bizim isə sənin əlindən heç nəyini almaq fikrimiz yoxdu. Biz … (etika xatirinə yazmırıq). Sən də hər şeyi pis başa düşmə”.
GÜNAY VƏLİYEVA