Aftandil Hacıyev “Sumqayıt” üzərində qələbədən sonra məmnun görünürdü.
“Səbail”in baş məşqçisi əvvəlcə oyun haqda fikirlərini bölüşdü, ardından suallara cavab verdi.
- Böyük fasilədən sonra 3-cü turun oyunları keçirildi. Bütün klublar üçün üç həftə ərzində eniş yaşayıb-yaşamadıqlarını bilmək maraqlı idi. Bizə gəlincə, bu oyuna həqiqətən itkilərlə çıxdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Camal Araqo zədə səbəbindən meydana çıxa bilmədi. Yurgen Qoxa ağrılarla oynayırdı. Cabir Əmirli isə dünən məşqə çıxmamışdı. Şükürlər olsun ki, planlaşdırdığımız nələr var idisə, futbolçular bu gün onu meydanda göstərməyi bacardılar. "Sumqayıt"ı da təbrik etmək istəyirəm. Xüsusilə də Ayxan müəllimi. O böyük işlər görüb. Bu gün onları asanlıqla məğlub etmək mümkün deyil. Çox güc sərf etdik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu 3 xalı oyunun sonunda itirə də bilərdik. "Sumqayıt"ın qapımız önündə qol epizodları oldu. Amma ümumən topa daha çox nəzarət etməyə çalışdıq. Düşünürəm ki, oyunumuzu daha da yaxşılaşdırılmaq üçün irəli baxmalıyıq. Komandanı müdafiə planında da inkişaf etdirməliyik. Bu gün vacib 3 xal qazandıq. Sevinmək üçün çox vaxtımız yoxdu. Çünki qarşıda çətin Qəbələ səfərimiz var. Rəqib ötən turlardakı oyunu ilə göstərdilər ki, avrokuboka iddialı klublardan biridi. Bu oyunu tez bir zamanda unudub növbəti qarşılaşmaya köklənməliyik.
- Ruslan Hacıyevlə Ədilxan Qarəhmədov sanki ötən mövsümdəkindən daha üst səviyyəyə qalxıb. Hər halda, kənardan belə görünür. Siz də bu fikri bölüşürsüz? Daha bir sualım var. Kamran Ağayev bu gün heç ehtiyatda da yox idi. “Səbail” ondan hansısa fayda görübmü?
- Ruslanla Ədilxan artıq 3 ildi bizimlə birlikdədi. Bəlkə də bundan əvvəlki mövsümlərdə daha az şans qazanırdılar. Bu il planımız daha gənc oyunçularımıza şans verməkdi. Hətta deyərdim Elton Əlibəyli, 1-ci diviziondan götürdüyümüz Elmir Tağıyev var bizdə. Gələcəkdə onlara da şans veriləcək. Bu il qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də gənc oyunçuları inkişaf etdirib klubumuza qazandırmaqdı. Hər ikisi bu gün meydanda çox çalışdı və ən yaxşılardan idilər. Amma gənc olduqlarına görə çox tərif yağdırmaq istəmirəm. Çünki sabitlik daha önəmlidi. Azərbaycan premyer-liqasında da sabit oynamaq nisbətən çətindi. Kamrana gəlincə, fasilədə barmağından zədə aldı və hazırlıqdan kənarda qaldı. Yoldaşlıq görüşlərində də iştirak etmədi. Ona görə də bu gün qapıya Elxanı qoyduq. Ondan da başqa 1-ci diviziondan transfer etdiyimiz qapıçımız Nail Alışov var. Deyərdim ki, Elxan da bu gün meydanda ən yaxşılardan idi.