
"Səhvlər bəzən sevindirici olur" - Qurban Qurbanov
“Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdi ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq. Meydanda əsl futbol gördük".
Bu sözləri Qurban Qurbanov deyib. "Qarabağ"ın baş məşqçisi premyer-liqanın 3-cü turunda “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri görüşü şərh edib:
“Oyunçular çoxdandı birlikdə oynamamışdılar. Bu gün qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunluq olur. Matçdan əvvəl bir dəfə normal məşq etmişdik".
Qurbanov Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda Bakıda qarşılaşacaqları İsveçrə “Bazel”i ilə oyun haqda da danışıb:
"Bazel”lə görüşdə futbolçular daha yaxşı ola bilər. Bu gün meydança ağır idi. Bu məni bir az narahat edir”.
Təcrübəli baş məşqçi “Neftçi”nin görüşün sonlarında daha çox irəli atıldığını sözlərinə əlavə edib:
"Əks-hücumlara çıxsaq da, sonluq yaxşı alınmırdı. Toral Bayramov yorulmuşdu, ona görə narahat oldum. Çatışmazlıqlar var. Səhvlər bəzən sevindirici olur. Belə olanda futbolçuları ələ almaq mümkündür”.
Mütəxəssis iki qol vuran İbrahima Vadci barədə bunları diqqətə çatdırıb:
"O, fərqli çempionatdan gəlib. Çox istəkli futbolçudur. Meydanda sonadək mübarizə aparır. Ona alqış düşür. "Neftçi"nin müdafiəsini təzyiqdə saxladı. Məşqlərdə çox istəklidir. Bəzi çatışmayan cəhətləri var. Ustalıq səviyyəsini daha da yaxşılaşdıracağına inanıram".