Dünən səhər futbol veteranlarından biri (adını bilərəkdən yazmıram) mənə zəng vurub, saat 14.00-da “Neftçi”nin Azadlıq prospektindəki köhnə bazasına gəlməyimi xahiş etdi.

Səbəbini soruşduqda “bu gün “Neftçi” Veteranlar İttifaqına yeni prezident seçəcəyik” söylədi, onu da əlavə etdi ki, “ittifaqın indiki prezidenti Səməd Qurbanov işlərinin çoxluğu səbəbindən öz istəyi ilə istefa vermək fikrinə düşüb. Onun əvəzinə yeni prezident seçəcəyik”.

Tanınmış veteranımızın xahişini nəzərə alıb, deyilən vaxtdan təxminən yarım saat öncə, birvaxtlar quş quşluğu ilə “qanad saldığı”, xüsusi əhəmiyyətli obyekt kimi kimi qorunan “Neftçibaza”da oldum. Ora çatanda kimlər yox idi?! Bir tərəfdə “ağ-qaralar”ın bir qədər cavan veteranları – Elxan Abdullayev, Hüseyn Məhəmmədov, Mahmud Qurbanov masa arxasında əyləşib çay içirdilərsə, onlardan bir qədər aralıda Asif Əliyev, Nurəddin Əliyev, Maşallah Əhmədov, Rafiq Mirzəyev, Bəhram Qurbanov və Novruz Əzimov var idi. Onlardan da bir qədər aralıda İqor Ponomaryov, Əsgər Abdullayev, Almaniyada yaşayan, ancaq bugünlərdə Azərbaycana gələn Elxan Rəsulov çay içə-içə şirin-şirin söhbət edirdilər. Bir sözlə, 35-40 il öncə, SSRİ çempionatlarında çıxış edən ölkənin yeganə təmsilçisinin “qaymaqları”. O kəslər ki, hər oyunlarında Respublika stadionuna 35-40 min azarkeş toplaşır, küçədə görəndə hamı onlarla görüşüb hal-əhval tutmaq istəyirdi. Mən də hamı ilə görüşüb, yaş limitini nəzərə almaqla (hər halda, mən də cavan deyiləm) cavan nəsil veteranların masasının ətrafında oturmağı lazım bildim. İclasın başlamasına təxminən 15 dəqiqə qalmış Səməd Qurbanov da özünü yetirdi. “Neftçi”nin Müşahidə Şurasının üzvünün çatması ilə qonşu masada səs-küyün qalxması bir oldu. Hə, Respublika Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayevi qeyd etmək yadımdan çıxmışdı. Oqtay bəy də birvaxtlar çiyin-çiyinə futbol oynadığı komanda yoldaşlarının yanında idi. Harda qalmışdım?.. Bəli, Səməd bəyin gəlişi ilə bir anda aləm bir-birinə dəydi. Qurbanov üzünü Əhmədova tutaraq, “sən mənim ayağımın altını qazırsan” deyib, növbədənkənar seçkinin təşkilində Maşallah bəyi ittiham etdi. Sabiq “10 nömrə” də borclu qalmayaraq qarşı tərəfə “bunu mən yox, hamı istəyir” söyləyib, cavab atəşi açmağı özünə borc bildi. Onun bu sözlərindən sonra Qurbanov əsəbi şəkildə ayağa qalxıb, bazanın inzibati binasına tərəf üz tutdu. Və yolüstü biz oturan masaya yaxınlaşaraq “bunların niyyətini yaxşı başa düşürəm, amma xeyri yoxdu, mən bilirəm, nə edəcəm” söylədi. Biranlıq hamımız çaşqınlıq içindəydik. Səhər Səməd bəyin öz istəyi ilə istefa verəcəyi bildirilsə də, vəziyyət 180 dərəcə dəyişmişdi. Qurbanovun sözündən belə çıxırdı ki, kimlərsə onu istefa verməyə məcbur edir. Sanki saray çevrilişinə tamaşa edirdik.

Səməd bəy “məclisi” tərk edincə pıçhapıç başladı. O biri masalarda nələrin danışıldığını dəqiq bilmirəm, ancaq mən olduğum masada hamı təəccüb içində idi. Onlara da mənə deyilən deyilmişdi: “Səməd özü istefa verir”. Ancaq gördüklərimiz başqa şeydən xəbər verirdi... Təxminən 15 dəqiqədən sonra veteranlardan ən yaşlısı Nurəddin Əliyev əlində vərəq, qələm Qurbanovun arxasınca yollandı və 10 dəqiqə keçməmiş geri qayıtdı. Hamı səbirsizliklə onun nə xəbər gətirəcəyini gözləyirdi. Ab-havadan, sifət cizgilərindən hiss olundu ki, Səməd bəy elçini əliboş yola salıb, yəni istefa ərizəsini yazmayıb. 15 dəqiqədən sonra “Neftçi”nin veteranları bu dəfə Oqtay bəyi danışıqlara yollamağı lazım bildilər. Onun geridönüşü uzun çəkdi. Təxminən yarımsaatdan sonra Abdullayev də əliboş qayıtdı. Bundan sonra qonşu masada qızğın müzakirələr başladı. Bu arada artıq Yunis Hüseynovla Tərlan Əhmədov da özlərini yetirmişdilər. Yarımsaat arxada qalandan sonra Ponomaryovla Rəsulov işlərinin olduğunu bildirib hamı ilə görüşərək bazanı tərk etdilər. Ancaq getməmişdən öncə yeni prezidentə dəstək olduqlarını bildirdilər (bu mənim üçün bir qədər müəmmalı oldu). Vəziyyətin gərginləşdiyini görən Yunis Hüseynov, Hüseyn Məhəmmədov, Mahmud Qurbanov və Elxan Abdullayev də müxtəlif səbəblər göstərərək getməli olduqlarını (hiss olunurdu ki, onlar intriqalarda iştirak etmək istəmirlər) iştirakçıların nəzərinə çatdırdılar. Həmin ərəfədə isə artıq bəzi veteranlar Səməd bəyi istefaya göndərmək üçün imza kampaniyasına start vermişdilər. Boş dayanmayıb kəşfiyyat xarakterli “hansı halda prezident istefaya göndərilə bilər” sualı ilə veteranlardan birinə müraciə etdim. Məlum oldu ki, 12 nəfər ərizə ilə indiki prezidentin istefasını tələb edərsə, o avtomatik istefaya göndərilir. Həmin an bazada Səməd bəyin fəaliyyətindən narazı qalanların sayının 12-dən çox olduğunu nəzərə alsaq, artıq məsələnin həll olunduğunu söyləmək mümkün idi. Saatın əqrəbləri artıq 15.00-ı adlamışdı. Elə bu vaxt bazanın həyətində Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti, “Neftçi”nin sabiq kapitanı İsgəndər Cavadov göründü. Özlüyümdə “deyəsən, döyüşə “ağır artilleriya” da qoşulub” dedim. Bilmirəm, təsadüfən oldu, yoxsa İsgəndər bəyin gəlişi təsir etdi, ancaq təxminən 5 dəqiqə sonra çoxlarının gözlədiyi xəbər gəldi - Qurbanov istefa ərizəsini yazıb imzaladı. Bu artıq onun işindən narazı qalan qrupun qələbəsi demək idi.

İstefa ərizəsi imzalanandan sonra veteranlar yaxınlıqdakı restoranın zalına toplaşdılar. Karantin qaydalarına riayət etməyi unutmayan veteranlar ayr-ayrı masalarda əyləşərək toplantının yekun qərarını gözləyirdilər. İclası Regional Futbol Federasiyaları İctimai Birliyinin baş katibi Füzuli Nəcəfov aparırdı. O əvvəlcə gündəlikdə olan məsələləri toplantı içtirakçılarının nəzərinə çatdırdı. Gündəlikdə 3 məsələ dururdu: 1. “Neftçi” Veteranları İttifaqına yeni prezident seçkisi. 2. Yeni vitse-prezidentlərin seçkisi. 3. Yeni prezidentin səlahiyyət müddəti.

Bu məsələlər müzakirəyə çıxarılmamışdan öncə son vaxtlar dünyasını dəyişən futbol veteranlarının xatirəsi birdəqiqəlik sükutla yad edildi. Ondan sonra Füzuli bəy Səməd bəyin boş qoyduğu posta iki namizədin olduğunu bildirdi. Onlardan biri Novruz Əzimov, digəri isə Maşallah Əhmədov idi. Namzidələr elan olunandan sonra Novruz bəy çıxış etmək istədiyini dedi. O qısa nitqində namizədliyini geri götürdüyünü (lap parlament seçkisinə oxşayırdı), Əhmədovun namizədliyini dəstəklədiyini söylədi. Bundan sonra alternativi qalmayan Maşallah bəy yekdilliklə “Neftçi” Veteranlar İttifaqının yeni prezidenti seçildi. Tədbirdə iştirak edən Şakir Qəribov Məşqçilər Komitəsində çalışanlar adından çıxış edərək, yeni prezidentə uğurlar arzuladı. İsgəndər Cavadov isə sabiq komanda yoldaşına inandığını, yeni postunda uğurlu fəaliyyətlə yadda qalacağını söylədi. Oqtay Abdullayev də Maşallah bəyi Respublika Veteranlar İttifaqı adından təbrik edib, gələcək fəaliyyətində dəstək olacaqlarını vurğuladı.

Yeni prezidentin kimliyi bəlli olandan sonra zala toplaşan 22 nəfər qurumun vitse-prezidentlərini seçdilər. Xatırladaq ki, Səməd bəyin “hakimiyyəti dönəmində” vitse-prezident kreslosunu tutan üç şəxs - Mübariz Zeynalov, Ağarza Rzayev və Füzuli Cavadov dünyasını dəyişib. Yeni prezidentin təklifi ilə boş qalan yerlərə Əsgər Abdullayev, Tərlan Əhmədov və Novruz Əzimovun namizədliyi irəli sürüldü. Bu yerdə İsgəndər bəy iki vitse-prezidentin yetərli olduğunu bildirsə də, Maşallah bəy 3 nəfərin namizədliyini irəli sürdü. Səsvermədə hər üç veteranın namizədliyi yekdilliklə qəbul olundu. Sonda prezident və vitse-prezidentlərin səlahiyyət müddəti müzakirəyə çıxarıldı. Və qərara alındı ki, yeni prezident və vitse-prezidentlər 4 illiyə seçilsinlər. Həmin müddət başa çatandan sonra yeni seçki keçirilsin.

Sonda çıxış edən Maşallah Əhmədov iclasda iştirak edən, ona və vitse-prezidentlərə etimad göstərən bütün veteranlara təşəkkür etdi. O gələcək faəliyyətində veteranların etimadığını doğrultmağa çalışacağını, vaxtilə “Neftçi”nin şərəfini qoruyan hər bir veteranın işinə yarayacağını, onların problemlərini həll etməkdə yardımçı olacağını söylədi. Əhmədov onu da əlavə etdi ki, ölkənin ən köklü klubunun veteranları ən yaxşısına layiq olmalı, hər yerdə sayılıb-seçilməlidilər ki, bunun üçün əlindən gələni edəcək.

RƏŞAD

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər