Deyəsən, Memfis Depay yalnız “Barselona”nın deyil, bu klubun təmsil etdiyi İspaniyanın Kataloniya əyalətinin də çoxdankı vurğunu imiş.
O, hər halda dünənki paylaşımı ilə bunu əyani şəkildə göstərib.
“Football-plus.az” saytının məlumatına görə, “Barselona”ya bu yay “Lion”dan gələn niderlandlı futbolçu sentyabrın 11-də yerli azarkeşləri Kataloniyanın Milli Günü münasibəti ilə təbrik edib. Depay “instaqram”dakı hesabını “Barselona”nın və Kataloniyanın rənglərini əks etdirən təsvirlə “bəzəyib”. 27 yaşlı hücumçu “tvitter”dəki səhifəsində isə əllərində İspaniyadan ayrılmağa çalışan əyalətin müstəqilliyi uğrunda mübarizənin rəmzi sayılan bayrağı nümayiş etdirən cütlüyün fotosunu yerləşdirib. Bəzi mənbələr şəklin altında katalan dilində “Bona Diada” (Kataloniya Gününüz mübarək) yazan Memfisin separatçılığı dəstəklədiyi üçün özünü işə sala biləcəyini ehtimal edir.