“Real”ın və komandanın azarkeşlərinin “Santyaqo Bernabeu” həsrəti sona çatmaq üzrədi.Paytaxt təmsilçisi uzun fasilədən sonra doğma stadionuna qayıdır.
“Football-plus.az” saytının İspaniya mənbələrinə istinadən yaydığı məlumata görə, madridlilərin La Liqada “Selta” ilə bu gün keçiriləcək oyununa nəhəng arena səhnə olacaq. “Real” 2020-ci ilin martından sonra rəqibini ilk dəfə “Santyaqo Bernabeu”da qəbul edəcək. O vaxtdan idman qurğusunda aparılan yenidənqurma işləri hələ də tam başa çatmayıb. Buna baxmayaraq, stadion rəsmi oyunların təşkilinə hazırdı. Arenada müəyyən fasilələrlə daha bir sıra işlərin görülməsi nəzərdə tutulub. Bu səbəbdən qlobal yenidənqurmadan sonrakı rəsmi açılış mərasimi 2022-ci il dekabrın 14-nə təyin olunub. Məsələ ondadı ki, “Santyaqo Bernabeu”nun 75 illiyi məhz həmin günə təsadüf edəcək.
“Selta” ilə Bakı vaxtı ilə saat 23.00-da başayacaq matça stadionda uzun müddət çalışan işçilər də dəvət alıb. Klub rəhbərliyi onlara yenidənqurma prosesindəki zəhmətinə görə bu şəkildə təşəkkür etməyi lazım bilib. Oyundan əvvəl “Real”ın sabiq prezidenti, kluba 1995-2000-ci illərdə rəhbərlik etmiş Lorenso Sansın xatirəsi yad ediləcək.