Sabah hamının gözü Azərbaycan premyer-liqasının 3-cü turunun mərkəzi qarşılaşmasında olacaq.
“Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyununu futbolsevərlər səbirsizliklə gözləyir. "Ağ-qaralar" ötən mövsüm son turda qələbə qazanmaqla çempion olmuşdu. Onlar seriyanı davam etdirmək, "köhlən atlar" isə həmin məğlubiyyətin əvəzini çıxmaq niyyətindədi.
Qarşılaşma ərəfəsində futbolun ayrılmaz parçası, stadionların bəzəyi olan “12-ci oyunçu”ya müraciət etdik.
Sübhan Əliyev (Forza Neftçi): “Komandadan qələbə gözləyirik. Fasilədən sonra çempion kimi çıxırıq meydana. Azarkeş olaraq komandanın yanında olacağıq, həmişəki kimi dəstəyimizi əsirgəməyəcəyik. İllərdi necədisə, indi də elə olacaq. Sadəcə, biz çempionat oyunlarının heç birinin fərqləndirmirik. Komandaya inanırıq. İnşallah, qələbə bizim olacaq. Həftəsonu nəqliyyat işləmədiyi üçün bir az çətinlik çəkirik. Amma çalışacağıq ki, sektor dolsun. Yəqin ki, elə də olacaq”.
Elnur Quliyev: “Neftçi”ylə qarşılaşma haqda onu demək istəyirəm ki, rəqabətli oyun olsun, ən əsası “diş göstərə” bilsin. Çünkü birtərəfli oyun gedəndə azarkeş üçün də görüş maraqsız olur. Amma rəqabətli oyun olanda bizim üçün də maraqlı olur. Sürprizləri demək istəmirəm, çünkü açıqlasam, artıq sürpriz olmaqdan çıxacaq. Xüsusi bir şey olmayacaq. Klubun bilet ayırmasına gəlincə, biz həmişə biletimizi almışıq. Həm çempionat, həm də Avroliqa oyunlarında. Bir dəfə istisna hal olub. “Neftçi” son anda elan etmişdi ki, biletlər 50 manatdı. Getməyə hazır olanlar gedəcəkdi, ancaq müəyyən qisim kənarda qalacaqdı. O zaman komandadaki futbolçular, kapitan Rəşad Sadiqov və baş məşqçi Qurban Qurbanov könüllü şəkildə öz aralarında pul toplayıb həmin biletləri hədiyyə etmişdilər. Öncə təklifi qəbul etmədik. Çünki düşünürdük ki, “niyə ora neçə min xeyir verək?” Daha sonra klubun baş meneceri Asif Əsgərovla Qurban Qurbanov bizi orda görmək istədiklərini təkidlə dedilər. Yalnız son anda təklifi qəbul etdik. Klub həmişə bizə kömək etməyə çalışıb. Ümumiyyətlə, çalışmışıq ki, biletləri həmişə özümüz alaq. Biz istəyərik “Qarabağ” qalib gəlsin, amma ən əsası rəqabətli oyun görmək istəyirik”.
GÜNAY VƏLİYEVA