DÇ-2022-nin seçmə mərhələsinin son 3 oyununda 1 xal toplayan millimiz etimadı doğrultmağı bacarmır.
Meydanda istəkli oyun göstərə bilməyən yığma, sadəcə, İrlandiya səfərindən 1 xalla dönməyi bacardı. Canni de Byazinin komandası Lüksemburqa səfərdə 1:2, Portuqaliyaya isə doğma meydanda 0:3 uduzdu. Komandanın belə zəif çıxışının səbəbi nədi? Hazırkı heyət son illərin ən güclüsü sayılır. Lakin istənilən nəticəni əldə edə bilmirlər. Buna səbəb nədi? Baş məşqçi hər oyunda fərqli “11-lik”dən və futbolçulardan istifadə edir. Ümumiyyətlə, Canni de Byazinin işi görünürmü? Suallarımızı tanınmış jurnalist Ceyhun Əliyev və son iş yeri “Keşlə” olan Tərlan Əhmədova ünvanladıq.
Ceyhun Əliyev: “3 oyuna 1 xal qazanmaq uğur sayıla bilməz. Bunlardan 2-də xal və xallar qazanmaq şansımız yetərincə yüksək idi. Baxmayaraq ki, İrlandiyanın adı, futbol tarixi var. Meydanda tarix, futbol oynamır, nəticəni hazırkı durum müəyyənləşdirir. Bilirdik ki, İrlandiya Lüksemburqa evdə uduzubsa, deməli, əvvəlki gücündə deyil. Baxmayaraq ki, Azərbaycanla oyundan öncə Portuqaliyanı 85-ci dəqiqəyə qədər 1:0 məğlub edirdilər. Orda irlandlar “2-ci nömrə” oynayırdı, fərqli idi, bir qədər bəxt də rol oynadı, Kriştiano penaltini vura bilmədi. Amma İrlandiyadan səfərdə xal ala bilərdik. Deyirdik ki, 3 oyuna 2 xal bizi qane edər, yəni bunu müsbət dəyərləndirərik. Çünkü son zamanların Lüksemburq bizi həqiqətən qorxutmuşdu. Real yanaşaq. Lüksemburq yetərincə uğurlu rəqibdi. Bizimlə müqayisədə inkişafa nail olan millidi və bundan öncəki son görüşdə, yəni Millətlər Liqasinda onlarla qarşılaşmışdıq. Ancaq təəssüf hissi ilə etiraf etməliyik ki, Lüksemburq əslində “dişimizə görə” imiş və biz bunu bilmirdik. Komandamiz hesabda 0:2 geridə idi. Futbol oynayanlar bunu gözəl bilir ki, məşqci heç nə demir, amma oyunçular özləri qələbəyə can atır və heç bir taktikadan söhbət getmir. Mən artıq buna da inanırdım ki, bəlkə də futbolçular öz iradəsi hesabına irəli getdilər. Görüşün hardasa son 30-35 dəqiqəsini “1-ci nömrə” ilə oynadıq. Həmin 35 dəqiqəlik zaman kəsiyi göstərdi ki, Azərbaycan Lüksemburqdan 3 xalla qayıda bilərdi. Qayıtmalıydı da. Ağızdolusu danışırdım Canni de Byazidən. Bura gəlişinə çox sevinirdim ki, Albaniyanı Avropa çempionatina çıxaran mütəxəssisdi. Etiraf edim ki, De Byazi gözümdə nəzərəçarpan dərəcədə özünü yerə çırpdı. O, 5 legioneri olan milli komandanın bütün futbolçularını ehtiyatda saxlamağının səbəbini absurd bir ifadə ilə açıqlamamalıydı. “Onlar gec qoşulmuşdular komandaya” dedi. Mən bunu başa düşə bilmirəm. Dünyada yoxlama oyunları üçün “pəncərə açılır”. Rəsmi oyunlar üçün bu zaman artıq 48 və 72 saat olur. Bütün komandalar bu vaxt kəsiyində yığışır. Necə olur, bütün dünyada məşqcilər üçün futbolcuların hazırlıq durumuna baxmağa bu zaman kəsiyi kifayət edir, Azərbaycan üçün legionerlərin gec qoşulması onların ehtiyatda qalmasını şərtləndirir? Hətta subyektiv mövqeyimi deyim, belə təəssürat yaranırdı ki, legionerlərdən biri olan Mahir Emreli incik idi. Hər üç görüşdə də hiss olunurdu ki, Lüksemburqla matça start heyətində çıxmadığına görə incikdi. İndiki Azərbaycan millisi, 1996-98-ci illəri istisna etsək, heyətinə görə ən güclü milli komandadı. Düzdü, zaman-zaman gördük ki, Vaqif Cavadov çıxıb danışır, tənqid edir. Açıq deyək ki, Vaqif Cavadovun oynadığı futbolu da xatırlayırıq, eyni zamanda Mahir Şükürovun da. İndiki milli komandanın potensialı güclüdü. Sadəcə, məşqcinin işi qənaətbəxş deyil. Bu üzdən 1 xal uğursuz nəticədi. Portuqaliya ilə oyun haqda danışmaq istəmirəm. Ona görə ki, onlar bizdən güclü idi. Xüsusilə də bu 3-cü oyundusa, nəzərə alaq ki, komanda artıq tükənmişdi. Peşəkarlıqda uduzuruq. Fiziki cəhətdən tükənməli deyildilər. Amma reallıq budu ki, uduzmuşuq, uduzuruq və uduza-uduza da gedirik. İstər fiziki, istər də funksional hazırlıq baxımından. Normalda 6 xal yigmalıydıqsa, 1 xalla kifayətlənməli olduq”.
Tərlan Əhmədov: “Son oyun haqda deyəcək bir söz tapa bilmirəm. Hər halda, ortada olan fərq özünü göstərdi. İzah etmək də çətindi. Amma mən mübariz bir oyun gözləyirdim. Belə oyunlarda futbolçuların özlərinin motivasiyası olmalıdı. Məşqçilər korpusu da onları həvəsləndirməli idi. Futbolçular bilməliydilər ki, kimə qarşı oynayırlar. Düzdü, fərq böyük idi. Amma futbolçular mübarizə aparmalıydılar. Peşəkarlıq, oyunçuların səviyyəsi, təbii ki, onlarda daha yüksəkdi. Onların oynadığı klubları, qiymətlərini bilirik. İrlandiyadan aldığımız 1 xala gəlincə, oyunda mübarizə getdi, komanda müdafiə olunurdu. Əzmkarlıq göstərdi və 1 xal qazandı. Amma son oyunda futbol adına heç nə yox idi. Bunun böyük səbəbləri var. Onları təhlil etməyə artıq lüzum yoxdu. Biz artıq Lüksemburqda xal itirmişdik, İrlandiyada ilk hissədə qalib idiksə, ikinci yarıda hesab qorunmursa, sadəcə müdafiə olunursa, deməli, komandada problem var. Biz də bu səbəbləri axtarmalıyıq. Kökü də əslində bilirik nədi. Bölgələrdə niyə futbol klubları yoxdu? Niyə çempionatda 8 komanda olmalıdı? Niyə akademiyada yerli futbolçular ola-ola, Dağıstan, İran, Xorvatiyadan futbolçu gətirib “milliləşdiririk”? Onda nəyə lazım idi o akademiya? Gətirdiyimiz futbolçularla yenə uduzuruqsa, öz akademiyamızda olan oyunçularla oynayaq. Həm onlar yetişsin, peşəkar və təcrübəli olsun, həm də akademiyadakı işlərin bəhrəsini görək. Niyə Zaqatalada, Gəncədə, Tovuzda, Lənkəranda, şimal bölgəsində futbol olmamalıdı? Niyə bölgələrdə futbolçu yetişməməlidi? Biz bununla mübarizə aparmalıyıq. Premyer-liqada komanda sayı artmalıdı ki, bu gün Portuqaliya ilə heç olmasa, mübarizə apara bilək. Yəni səbəblər çoxdu. İnqilabi, struktur, sistem dəyişikliyi olmalı, yanaşma dəyişməlidi. Hamı bir olmalıdı. Futbolumuz inkişaf etməlidi. 30 ildi eyni nəticə qeydə alınır. 20-25 il əvvəl maliyyə yox idi, amma komanda mübarizə aparırdı. İndi isə şərait, dövlət tərəfindən diqqət və qayğı var, amma nəticə yoxdu. BOS, "Bakcell Arena" və bir çox stadionların tikilməsi dövlətin, Ali Baş komandanın futbola olan diqqətidi. Rayonlarda Olimpiya İdman Komplekslərinin tikilməsi də buna nümunədi. Futbol adına bütün struktur qurulub. Amma bizim yanaşmamız düzgün deyil. Düzgün istiqamət götürməmişik. Nəyin bahasına olur-olsun, bölgələrdə futbolu bərpa etməliyik. Subyektiv fikrimi deyim ki, “milliləşdirməyə” son qoymalıyıq. Diqqəti akademiyaya vermək lazımdı. O zaman rəqibləri təhlil edib normal oynaya bilərik. Yığmanın 60-70 faizi “milliləşdirilən” futbolçulardı. Amma baxırsan ki, yenə məğlubiyyət. Dəyişmir nəticə... Acınacaqlı oyun idi. Mübarizə olmayan yerdə futbol ola bilməz. Düzdü, səviyyə baxımından güclü rəqib idi, amma mübarizə aparmaq olardı. 2-3 gündən bir oynadıq. Futbol dünyasında belədi. Bunu bəhanə gətirməyə ehtiyac yox idi. Ola bilər, psixoloji cəhətdən komandada həyəcan var idi. Bu məsələni kökündən araşdırmalı, təhlil etməli və futbolun inkişafı üçün işlər görülməlidi. Gecikirik, artıq geri gedirik. Akademiyada, klublarda limitə düşən istedadlı futbolçular var ki, insan həsəd aparır. O oyunçular milliyə dəvət almır. Bu məsələlər insanı daxilən yandırır. Məğlubiyyətə səbəb baş məşqçidi. Lüksemburqa məğlubiyyətdə səhvini özü bilir. Açıqlamasını da verməyib. İrlandiyada da eyni şeylər. Bir sözlə, futbolu kökündən dəyişməliyik. Bizə legioner məşqçi lazım deyil. Yığmaların 90 faizində yerli mütəxəssislər çalışır. Biz də bu tendensiyaya qayıtmalıyıq. U-21 də çox pis nəticə ilə məğlub oldu. Onlar da bizi kədərləndirdi. Bu məsələləri həll etsək, onda nələrsə dəyişəcək”.
GÜNAY VƏLİYEVA