Şahruddin Məhəmmədəliyev – 6,0
Bu matçda komandanın heyətində ən yaxşılardan biri idi. Düzdü, qapısında 3 qol görən qapıçını tərifləmək bəlkə də gülünc görünür. Ancaq onu da nəzərə almaq lazımdı ki, Şahruddin olmasaydı, fərq daha böyük ola bilərdi. “Çərçivə qoruyucusu”nun seyvləri və oyunun bəzi anlarında qapıçı meydançasında inamlı oyunu onunla bağlı yüksək fikirlər səsləndirməyə əsas verir.
Azər Salahlı – 3,5
Hər üç oyunda meydanda olan “Keşlə”nin müdafiəçisi fərqli mövqelərdə çıxış etsə də, ümidləri doğrultmadı. Konkret Portuqaliya ilə oyuna gəlincə, üçlü müdafiənin solunda yer alan müdafiəçi həm birinci, həm də ikinci qolda səhvlərlə yadda qaldı. Bu səbəbdən Salahlı pireneylilərlə matçda ən əzif qiymət alanlar arasındadı.
Höccət Haqverdi – 4,0
Təkbətək mübarizələrdə heç də pis təsir bağışlamayan müdafiəçi kollektiv müdafiədə komanda yoldaşları kimi zəif oynadı. Hava toplarında inamlı olsa da, zona müdafiəsində özünə bənzəmirdi və məhz onun da səhvi ucbatından Andre Silva ikinci qolu vurmaqda çətinlik çəkmədi.
Abbas Hüseynov – 3,0
Komandanın ən “zəif bənd”lərindən biri idi. Oyun keyfiyyəti aşağı olan müdafiəçi bir-iki epizodda rəqibin hücumunun qarşısını almağı bacarsa da, ümumi planda Lüksemburqla matçda olduğu kimi çox zəif təsir bağışladı. Xüsusilə ötürmələrdəki səhvlər təcrübəsinə yaraşmadı. Rəqib onun cavabdehlik daşıdığı cinahı çox yükləməsə də, ara-sıra ordan qurulan hücumların qarşısıını almaqda çətinlik çəkirdi. “Qarabağ”ın oyunlarında hücumlara qoşulmağına alışdığımız Abbas yığmada bu bacarığını heç cür ortaya qoya bilmədi.
Elvin Bədəlov – 4,5
Bəlkə də Şahruddindən sonra yığmanın heyətində ən yaxşılardan biri idi. “Sumqayıt”ın müdafiəçisi hava ötürmələrində inamlı təsir bağışlamaqla yanaşı, ikili mübarizələrdən, demək olar, məğlub ayrılmadı. Yeganə çatışmazlığı ötürmələrdə yol verdiyi xətalar idi.
Təmkin Xəlilzadə - 3,0
Üç oyundan sonuncusunda forma geyinmək şansı qazanan futbolçu meydanda olduğu 45 dəqiqədə zəif oyunla yadda qaldı. Qapımızda gördüyümüz ilk qol birbaşa onun ayağına yazılmalıdı. “Zirə”nin futbolçusu 26-cı dəqiqədə elə kobud səhvə yol verdi ki, bunu bəlkə U-15 komandasında oynayan yeniyetmə etməzdi. Təmkin Bernardo Silvanın fərqləndiyi epizodda, sadəcə, seyrçi rolunda çıxış etdi. Hər zaman hücumlara qoşulan, qapı önünə asma və iti ötürmələr etməyi bacaran yarımmüdafiəçinin Portuqaliya ilə matçda sanki ayağı buxovlanmışdı. Xəlilzadə nə hücüm planında effektli oldu, nə də müdafiəyə kömək etdi.
Filip Ozobiç – 3,5
30 yaşlı “milliləşdirilən” yarımmüdafiəçi bu görüşdə də ümidləri doğrultmadı. “20” nömrəli formanı geyinməsinə baxmayaraq, meydanda klassik “10 nömrə” funksiyasını yerinə yetirməli olan yarımmüdafiəçi ilk yarıda, ümumiyyətlə, itib-batmışdı. İkinci hissədə isə topla təmin olunmadığından o da əksər komanda yoldaşları kimi topsuz qaçmağa məcbur oldu.
Qara Qarayev – 3,0
Cəmi 45 dəqiqə meydanda olan təcrübəli futbolçu oyunu ilə komandaya xeyir verə bilmədi. Maksimin yoxluğunda bu görüşdə kapitan sarğısını qoluna keçirən Qarayev ən zəif matçlarından birini keçirdi.
Emin Mahmudov – 3,5
Lüksemburqla İrlandiyanı məyus edən yarımmüdafiəçinin yorğunluğu ilk dəqiqələrdən hiss olunurdu. Düzdü, 90 dəqiqəni əvəzlənmədən keçirdi. Ancaq oyununda təravət və yüngüllük çatmırdı. İkinci hissədə rəqibin qapısı istiqamətində vurduğu bir zərbə statistikadan başqa heç nəyə yaramadı.
Mahir Emreli – 3,0
İrlandiya ilə oyunda olduğu kimi, yenə “Legiya”nın futbolçusu ümidləri doğrultmadı. Açıq desək, Mahir heç nə ilə yadda qalmadı.
Namik Ələskərov – 3,5
Çox çalışdı, çox qaçdı, ilk hissədə hücumçu, fasilədən sonra vinger kimi çıxış etdi. Amma faydalı heç nə ilə yadda qalmadı.
Anatoli Nuriyev – 3,0
Atalar necə deyib: “tək əldən səs çıxmaz”. “Kolos”un yarımmüdafiəçisi ikinci hissədə meydana çıxıb Qaranı əvəzləsə də, yalnız 74-cü dəqiqədə rəqib qapısını uzaqdan nişan almaqla yadda qaldı ki, onda da top Patrisionun qoruduğu qapıdan çox aralı keçdi. Yaradıcı futbolçu komandanın dirijoru olmalı idi. Təəssüf ki, o bu missiyanın öhdəsindən gələ bilmədi. Daha dəqiq desək, rəqib buna imkan vermədi.
Əli Qurbani – 3,0
Fasilədən sonra meydana çıxan forvard bu dəfə də azarkeşləri məıyus etməklə yadda qaldı. Əsas işi qol vurmaq olan forvard nəinki rəqib qapısı önündə təhlükə yarada bildi, ümumiyyətlə, “üçüncü zona”da, yəni rəqibin cərimə meydançası daxilində heç nə edə bilmədi. Qurbaninin Portuqaliya ilə matçda yeganə “qazancı” hava mübarizəsində Pepeyə qarşı dirsək zərbəsinə görə aldığı “sarı” oldu.
Vüqar Mustafayev – 3,0
“Sumqayıt”ın vitse-kapitanı yığmanın son 3 oyunundan sonuncusunda meydana çıxmaq şansı qazanan iki futbolçudan biri idi. Təmkin kimi kobud səhvlərlə yadda qalmasa da, oyunda dönüş yarada bilmədi. Yarımmüdafiəçi, sadəcə, öz mövqeyində səhvsiz oynamağa çalışdı ki, bunun da öhdəsindən tam gələ bilmədi.
Toral Bayramov – 3,0
62-ci dəqiqədə meydana çıxan gənc futbolçu ilk dəqiqələrdə fəallıq nümayiş etdirməyə çalışsa da, əvəzlədiyi Mahir kimi heç nə ilə seçilmədi. O da komanda yoldaşları kimi sanki oyunun başa çatmasını gözləyirdi ki, fərq daha da artmasın.
Rəhim Sadıxov – qiymətsiz
RƏŞAD