Nəhayət, Konfrans Liqasının H qrupunun “Qarabağ” – “Bazel” oyununun yeri müəyyənləşib.
Qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu məlumatı UEFA-nın rəsmi saytı yayıb. Sentyabrın 16-dakı matç saat 20.45-də başlayacaq. Qeyd edək ki, oyunun məkanının dəyişməsinə səbəb Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdı.
Ağdam təmsilçisi qrupa vəsiqə qazanan kimi həm biz, həm də digər media mənsubları “Tofiq Bəhramov”un qazonunun yaxşı olmadığını bildirərək, “Qarabağ”ın başqa arenada oynayıb-oynamayacağını klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədən soruşurduq. “Köhlən atlar”ın rəsmisi qətiyyətlə matçların “Tofiq Bəhramov”da baş tutacağını deyirdi. Amma zaman hadisələrin fərqli istiqamətdə cərəyan etdiyini göstərdi. Bəs bu qətiyyətlilik hardan qaynaqlanırdı? Ümumiyyətlə, stadion nə üçün dəyişdi? “Qarabağ”ın rəqibləri UEFA-ya arenanın durumu ilə bağlı şikayət ediblər? “Köhlən atlar” bütün ev oyunlarını BOS-da keçirəcək?
Suallarımızı Gündüz Abbaszadəyə ünvanladıq. Onun məsələyə münasibəti belə oldu:
“Əvvəlcə onu deyim ki, digər ev oyunlarımız Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Əminliklə deməyimizə səbəb var idi. Biz UEFA-ya müraciət etmişdik ki, ilk ev oyunumuz ayın 30-da keçirilsin. Buna müsbət cavab alacağımıza hardasa arxayınlıq var idi. Lakin təqvim və digər qruplardakı vəziyyət elə gətirdi ki, ilk oyunu evdə keçirməli olduq. Yenə deyirəm, “Bazel”lə matçı “Tofiq Bəhramov” da keçirə bilərdik. Çünki təsnifat mərhələsindəki kimi mənzərə olmayacaqdı. Stadionun qazonu nisbətən daha yaxşı olacaqdı. Amma belə vəziyyətdə risk etmiş olardıq. Otun digər oyunlara kimi özünə gəlməsi alınmayacaqdı. Düzdü, bu fikri söyləmək üçün mütəxəssis rəyi lazımdı. Məhz bu səbəbdən, risk almamaq üçün belə bir rəy verildi. Vəziyyəti nəzərə alaraq BOS-da oynamağa razılaşmışıq…
Heç bir rəqibimiz ot örtüyü ilə bağlı UEFA-ya şikayət etməyib. Sadəcə, öncədən xəbərdarlıq etmişdik ki, ot örtüyünün durumu nəzərə alınaraq ilk oyunumuz səfərə salınsın. Məhz bu istəyimiz qərara təsir etdi. UEFA ot örtüyünə baxmaq qərarına gəldi. Bizim müraciətimiz onları düşündürdü. Onsuz da özümüz də bilirdik ki, ayın 16-na kimi qazon tam hazır olmayacaq. İlk oyunumuz sentyabrın 30-da keçirilsəydi, bu plan baş tutacaqdı. 14 gün vaxt kifayət idi. İndiki vəziyyətdə ot örtüyü ideal deyil. Qrup mərhələsinin oyunudu və bu görüşlərə UEFA xüsusi həssaslıqla yanaşır. Bütün bunları nəzərə alaraq, oyunun BOS-da keçirilməsinə qərar verildi”.
İLKİN SULTANLI