Avropa Peşəkar Futbol Liqaları Assosiasiyası (APFLA) dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına qarşı çıxıb.
Təşkilat bu mövqeyini rəsmi bəyanatla ifadə edib. Yeni ideya FİFA-ya, daha doğrusu 2019-cu ildən bu qurumun futbolun inkişafı şöbəsinin rəhbəri olan fransalı Arsen Vengerə məxsusdu. Avropanın 5 aparıcı liqasının da daxil olduğu APFLA futbolda bu tip yeniliyin tətbiqinin əleyhinədi. Rəsmi bəyanatda belə deyilir:
“Avropa liqalar birliyi qətiyyətlə dünya çempionatının iki ildən bir keçirilməsi ideyasına qarşıdı. Təşkilatımız ali futbol qurumlarının birtərəfli qərarlar verməsinə mane olmaq üçün bu işdə digər maraqlı tərəflərlə birgə işləyəcək. Belə ideyanın reallaşması bizim əsas sənayemiz sayılan və klublar, oyunçular və azarkeşlər üçün böyük əhəmiyyət daşıyan milli yarışlara böyük zərbələr vuracaq. Klub və milli komandalar səviyyəsində yeni yarışların təşkili, mövcud olan turnirlərin yenilənməsi və genişlənməsi onsuz da sıx olan təqvim fonunda bizim əsas oyunumuzun problemlərini həll etməyəcək. Futbolun mövcud təqvimi bütün maraqlı tərəflərin razılığa gəlməsini tələb edir. Bu təqvim yalnız klub və yığma komandalar səviyyəsində olan turnirlərin, həmçinin milli və beynəlxalq klub futbolu arasındakı incə balansın nəticəsi ola bilər”.