DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan - Portuqaliya matçında maraqlı məqam yaşandı.
Görüşün sonlarına yaxın əvvəlcə 4 azarkeş meydana çıxaraq Bruno Fernandeş və Vüqar Mustafayevlə şəkil çəkdirdilər. Onlar öz məqsədlərinə çatandan sonra əllərini-qollarını sallayaraq tribunaya döndülər. Sonuncu dəqiqədə daha bir azarkeş meydana daxil oldu. Bu an təhlükəsizlik xidmətinin əməkdaşları ona mane oldular. Azarkeşin əl-ayağından tutaraq meydandan kənarlaşdırdılar. Həmin hadisə sosial şəbəkələrdə gündəm oldu. Hamıya meydana girənlərin kimliyi və cəzalanıb-cəzalanmadıqları maraqlı idi.
Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“Bu, bizim üçün xoşagəlməz haldı. Uzun illərdi ki, millinin qarşılaşmalarında azarkeşlərin meydana daxil olması ilə bağlı problem yaşanmırdı. Amma bu hadisəni törədənlərin sonrakı aqibəti və onlar haqda hansı tədbirlərin görülməsi ilə bağlı məlumatı ölkənin güc strukturlarından ala bilərsiz. Çünki istənilən tədbirdə təhlükəsizliyə onlar cavabdehdilər. Belə məsələlərdə müdaxiləni də onlar edir, məlumatı da özləri verirlər”.
AFFA rəsmisinin açıqlamasından sonra Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumun Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq:
“Meydana daxil olan şəxslər azyaşlı olub. Onlar stadiondan kənarlaşdırılıb. Hər biri ilə profilaktik söhbət edilib. Bundan sonra hər biri sərbəst buraxılıb. Hadisəyə görə saxlanılan yoxdu. Təqsirli olan şəxslər azyaşlı olduqlarına görə ad və soyadları açıqlanmır. Saxlanılanların hər biri Azərbaycan vətəndaşıdı. Bir daha qeyd edim ki, onlarla müvafiq qaydada profilaktik söhbət edildikdən sonra sərbəst buraxılıblar”.
İLKİN SULTANLI