Ötən şənbə ali təhsil ocaqlarına qəbul olunanların siyahısı açıqlandı.
“Səbail”in futbolçusu Əfran İsmayılov da tələbə olmaq arzusunda idi. Dünən onunla əlaqə saxladıqda sevincini bizimlə bölüşdü:
“Bəli, İdman Akademiyasına qəbul oldum. Qiyabi təhsil almaq istəyirdim, bu da alındı. İxtisasım futbol məşqçiliyidi. 95 balla qəbul olmuşam. Qabiliyyət imtahanından da uğurlu nəticə topladım. Dostlarım, komanda yoldaşlarım, ümumiyyətlə, çox adam təbrik etdi. Gec olsa da, istəyimə çatdım”.
Həmsöhbətimizin yığma ilə bağlı düşünclərini də öyrəndik:
“Çətin səfər idi. İrlandiya atletik futbol oynayır. Uzun ötürmələrə üstünlük verirlər. İlk hissədə onlara imkan vermədik. Sonra komandamız bir az yoruldu və rəqibin fərqlənmək imkanları artdı. Amma Şahruddin çox inamlı təsir bağışladı. Milli etibarlı müdafiə olunaraq 1 xal qazandı. Yaxşı nəticədi. Portuqaliya isə tam fərqli komandadı. Daha sürətli və güclü heyətə malikdi. Doğma azarkeşlər önündə oynayırıq. 1 xal götürsək, 3 xala bərabər olacaq. Hamımız millinin qələbəsini gözləyir, arzulayırıq”.
GÜNAY VƏLİYEVA