“Komandamız çox güclüdü. Bunu yarışdan öncə də demişdim. Hətta proqnoz verəndə söylədim ki, Tokioya yollanan bu komanda əvvəlkilərdən daha yaxşıdı”.
“Football-plus.az” saytının məlumatına görə, bu sözləri Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov 16-cı Yay Paralimpiya Oyunlarından vətənə dönən yığmanın qarşılanma mərasimində deyib.
Komitə rəsmisi sözünə belə davam edib:
“Paralimpiyaçıların Tokioda layiqli çıxış edəcəklərini gözləyirdik. Düzdü, bəzi proqnozlarımız doğrulmadı. Qızıl medal gözlədiyimiz idmançılar potensiallarından aşağı çıxış etdilər. Digərləri isə gözləmədiyimiz halda çempion oldular. Çünki uşaqlarda qələbə ruhu var idi. Azərbaycan xalqına, paralimpiyaçıların dostu olan Prezident İlham Əliyevə təşəkkür edirik. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində paralimpiyaçılarımız vətənə zəfərlə qayıdıblar”.
Rəhimov bildirib ki, Vətən müharibəsində qazanılan qələbə paralimpiyaçıların çıxışına müsbət təsir edib:
“Qələbə idmançıları çox ruhlandırdı. Söz verirəm ki, idmançılarımız bundan sonra daha məsuliyyətli hazırlaşacaqlar. Parisdəki Paralimpiadaya cəmi 3 il qalıb. Qısa müddətdə hazırlıq görməliyik. Yeni komanda formalaşdırılmalıdı. Təbii ki, indiki heyətdən yeni komandada yer alanlar olacaq. Çünki heyət çox gəncdi. Seleksiyanı davam etdirməli və yeni idmançıları cəlb etməliyik. Bu istiqamətdə işlər görülür. Əsas işlərimizdən biri Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Paralimpiya hərəkatına cəlb olunmasıdı. Çoxlu gənc paralimpiyaçılarımız var. Onlar idmanın istənilən növü ilə məşğul ola bilirlər. Çalışacağıq ki, Parisə daha güclü heyətlə yollanaq”.
Qeyd edək ki, Yay Paralimpiya Oyunlarında 19 (14 qızıl, 1 gümüş, 4 bürünc) medal qazanan milli komandamız ümumi sıralamada 10-cu olub.