Xuan Laporta bir müddət əvvəl Neymarı “Barselona”ya qaytarmaq üçün cəhdə əl atıb.
Ancaq buna nail ola bilməyib. Bununla bağlı “RAC1” məlumat yayıb. İspaniyanın Kataloniya əyalətində fəaliyyət göstərən radiostansiyanın iddiasına görə, Laporta yenidən klubun prezidenti seçiləndən sonra PSJ-nin hücumçusunu geri qaytarmaq istəyib. Bu məqsədlə Neymarla danışıq aparmaq üçün klubun iki nümayəndəsini Parisə göndərib.
Xatırladaq ki, Neymar bu yay Lionel Messi hələ “Barselona”da ikən argentinalı futbolçu ilə yenidən birgə oynamaq istədiyini söyləmişdi.
Laportanın gizli niyyətindən xəbər tutan PSJ-nin sahiblərindən biri 29 yaşlı hücumçunun transferinin qarşısını almaq üçün dərhal adekvat addım atıb. “RAC1”in məlumatında adı çəkilməyən klub rəsmisinin futbolçunun meneceri olan atasının hesabına təxminən 20 milyon avro köçürdüyü iddia edilir. Bu məbləğin köçürülmə mənbəyi kimi PSJ-nin göstərilmədiyi də vurğulanır. Məhz bu əməliyyatdan sonra “Barselona” ilə braziliyalı futbolçu arasındakı təmasın dayandırıldığı bildirilir.