“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov bugünlərdə təcrübə mübadiləsi çərçivəsində “Trabzonspor”un düşərgəsinə baş çəkib.
Dörd gün qardaş ölkədə olan mütəxəssis dünən vətənə qayıdıb. Onunla söhbətdə Türkiyədə gördükləri barədə danışdıq, niyə məhz “Trabzonspor”u seçdiyinə aydınlıq gətirdik:
"Açığı, bu fikir çoxdan var idi. Pandemiya səbəbindən reallaşdıra bilmirdim. Onu da bildirim ki, təkcə Türkiyə variantı deyildi. Başqa ölkələr də var idi. Bu dəfə fürsət yarandı və istifadə etməyi düşündüm. Klub rəhbərliyi “Trabzonspor”la yaxşı əlaqələrimizin olduğunu bildirdi. Riad Rəfiyev Abdulla Avcı ilə danışmışdı. Çox savadlı və təcrübəli məşqçidi. Onun və köməkçilərinin iş metodu ilə tanış olmaq üçün ora yollandım. Məncə, belə səfərlər çox olmalıdı. Müasir futbol dayanmadan inkişaf edir, yeniliklər yaşanır. Yeniliklərlə ayaqlaşmaq üçün imkan daxilində əcnəbi həmkarlarımızın iş prinsipini də izləməliyik. “Trabzonspor” da Türkiyənin dörd nəhəngindən biridi. Həqiqətən Trabzon futbol şəhəridi, adamlar futbolla nəfəs alır. Abdulla bəyi də çoxdan izləyirəm. Türkiyə millisində, “Beşiktaş”da, “İstanbul BŞ”də böyük işlər görüb".
- İnfrastruktur baxımından Türkiyə klublarından çox geri qalırıq?- Bunu danmaq olmaz. Bilirsiz ki, Türkiyə klubları ilk növbədə təlim-məşq bazasına xüsusi önəm verirlər. Yəni inanmıram ki, superliqa təmsilçilərindən hansınınsa məşq bazası olmasın. Orda keçidiyim görüşlər zamanı hiss etdim ki, türklər də Avropanın aparıcı klubları ilə ayaqlaşmaq istəyirlər. Futbolçunun inkişafı, formada qalması, bərpası üçün müasir avadanlıqlar alırlar. Bu gün “Trabzonspor”un təlim-məşq bazasında 5 təbii örtüklü meydan, iki fitnes zalı var. Futbolçuların dincəlməsi üçün otel, müxtəlif təyinatlı ofislər, bərpa mərkəzləri inşa olunub. Müasir futbolda bunlar çox önəmlidi. Oyundan sonra hər futbolçu testdən keçir. Bunun üçün xüsusi avadanlıqlar alınıb. Buz vannaları var ki, -25, -28 dərəcəyə qədər soyudur və oyunçular onun içinə girib bərpa olunurlar. Təbii, bunların hamısı böyük vəsait tələb edir. Klubların büdcəsinə baxanda, bunları etmək onlar üçün çətinlik yaratmır. Həm də komandada oynayan futbolçuların qiyməti çox yüksək olduğundan hansısa zədələndikdə bir-iki ay meydandan kənarda qalması kluba çox ziyan vurur. Bu səbəbdən fizioterapiya, bərpa üçün çox pul xərcləyirlər. Onlar üçün ən vacibi futbolçunun sağlamlığıdı.
- Yaxınlarda “Antalyaspor”un düşərgəsində olan Füzuli Məmmədov qəzetimizə müsahibəsində Ərsun Yanalın 12 köməkçisinin olduğunu söyləmişdi. Abdulla Avcının məşqçilər korpusunda neçə mütəxəssis yer alıb?- Özü ilə yanaşı, hazırda “Trabzonspor”un məşqçilər korpusunda 11 məşqçi çalışır. İki qapıçı məşqçisi, iki fiziki hazırlıq üzrə mütəxəssis, meydanda daim yanında olan iki köməkçi-məşqçi və analitiklər.
- Yəni bu mütəxəssislərin hamısı komanda ilə məşqə çıxır?- Böyük komandalarda hamının öz işi var. Məsələn, analitiklərdən biri sırf dron üzrə ixtisaslaşıb. O məşqlərin dronla çəkilişinə cavabdehlik daşıyır. Digəri GPRS sisteminə baxır. İki fiziki məşqçidən biri daim meydanda, o biri isə fitnesdə olur. Baş məşqçinin köməkçilərinin hər birinin öz işi var. Orda olduğum müddətdə həm Abdulla bəy, həm də köməkçiləri ilə söhbətimiz oldu. Məşqçilər korpusu bütün gün bazada olur. Hamısı səhər bazaya gəlib, bir də axşam oranı tərk edirlər. Komanda üzvləri də bazada olurlar. Onlar da səhər saatlarında bazaya gəlib, 4-5-də ordan gedirlər. Bir sözlə, klubun bazasında hər cür şərait var, rəhbərlik komandanın uğur qazanması üçün əlindən gələni etməyə çalışır.
- Belə çıxır ki, bizə nəinki Avropa, Türkiyə klublarının səviyyəsinə çatmaq üçün illər lazımdı...- Bu, illə düzələn bir şey deyil. Bu yolu daha tez keçə bilərik. Yetər ki, futbola baxış, münasibət dəyişsin. Nəticədən asılı olmayaraq, klub inkişaf etməlidi. Mən çempionluğa, avrokuboklara oynayıram deyə klub üçün şərait yaratmaq yox, premyer-liqada qalmağa oynayan komandanın belə dediyim şəraiti olmalıdı. Bunlar hamısı vacibdi. Sizi inandırım, iş prinsipinə baxanda onlarla aramızda o qədər də fərq yoxdu. Sadəcə, onlarda çıxış edən futbolçuların səviyyəsi bir qədər yüksəkdi. Türkiyə çempionatına gələn legionerlərin qiymətinə baxanda artıq hər şey bəlli olur. 90 faizi öz yığmalarında oynayan futbolçulardı. Bu da istər-istəməz çempionatın səviyyəsini qaldırır. Biz də artıq futbola baxışımızı dəyişməliyik. Hazırda “Trabzonspor”un futbol akademiyasında 500-dən çox gənc və yeniyetmə məşq edir. Bundan başqa, şəhərdə müxtəlif həvəskar komandalar, xeyli sayda başqa futbol məktəbləri fəaliyyət göstərir. Təsadüfi deyil ki, son illər Türkiyə millisinin əsas qapıçıları məhz Trabzondan çıxır. Futbolda inkişaf istəyiriksə, biz də bu yolla getməliyik. Bir evi tikib onun mətbəxini yaxşı etməsən, o evdə heç vaxt dadlı yemək olmayacaq. Ona görə də mətbəx önəmlidi. Biz bu gün futbolun mətbəxini düzəltməliyik.
RƏŞAD