''Fənərbaxça''nın ulduz yarımmüdafiəçisi Məsut Özilin bu günlərdə Qətəri ziyarət etməsi və orda çəkdirdiyi şəkili sosial şəbəkədə paylaşması fanatlar arasında narahatlığa səbəb olub.
Dərhal onun İstanbul nəhəngindən ayrıla biləcəyi ilə bağlı söz-söhbətlər baş qaldırıb. Amma 33 yaşlı futbolçunun meneceri Ərkut Söğüt ''Fanatik''ə açıqlamasında bu şayiələri qətiyyətlə təkzib edərək Məsutun Qətərə şəxsi işləri ilə bağlı getdiyini deyib:
''Məsut uşaqlıqdan ''Fənərbaxça'' sevgisi ilə böyüyüb və indi də böyük qürurla o formanı geyməkdə davam edir. Klubun uğur qazanması üçün daim əlindən gələni edir. Elə məhşur oyunçular var ki, özlərinə klub tapa bilmədikləri üçün Türkiyəyə gəlirlər. Məsut isə ''Fənər''də oynamağı çoxdan planlaşdırırdı və bura pul qazanmaq üçün yox uşaqlıq arzusunu həyata keçirmək üçün gəlib. Ən böyük arzusu çempion olmaqdı. Onun ''Fənər''lə hələ üçillik müqaviləsi var. Heç kim narahat olmasın. Müqaviləsinin sonuna qədər burda qalacaq. Qətərə isa ticarətlə bağlı işlərini və sponsorluq müqavilələrini yoluna qoymaq üçün getmişdi''.