Azərbaycan-Portuqaliya oyununun bilet satışından əldə olunan gəlirin 10 faizi Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
AFFA və Qarabağ Dirçəliş Fondu arasında əldə olunmuş razılığa əsasən, Azərbaycan – Portuqaliya oyunundan başlayaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışından əldə olunan gəlirin 10 faizi Qarabağ Dirçəliş Fonduna ianə olunacaq. Qeyd edək ki, ianə olunan məbləğ işğaldan azad olunan ərazilərdə futbol infrastrukturunun bərpası və inkişafı kimi məqsədlərə sərf olunacaq.
Azərbaycan – Portuqaliya oyununa biletləri “iTicket.Az” veb saytı, mobil tətbiqi və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTicket” bilet satış məntəqələrindən əldə etmək mümkündü.
Koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə Qarabağ Dirçəliş Fondu arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək məqsədilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanacaq.