
UEFA "Qarabağ" üçün Bakıya nümayəndə göndərdi - ÖZƏL
UEFA-nın sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Bazel” oyununun Tofiq Bəhramov adına stadionda təşkilinə icazə vermədiyini, arenanı təftiş etmək üçün Bakıya nümayəndə göndərəcəyini xəbər vermişdik.
İngiltərəli Mark Mörfi bu gün səhər saatlarında Bakıya gəlib, artıq həm “Bəhramov”un, həm də Bakı Olimpiya Stadionunun durumunu gözdən keçirib. UEFA-nın nümayəndəsinin oyunun harda keçiriləcəyi ilə bağlı son qərarı ən qısa zamanda açıqlanacaq.
“Qarabağ”ın “Bazel”lə oyunun səfərdə keçirilməsi ilə bağlı niyyətinin nədən alınmadığı da bəllidi. Söhbət heç də İsveçrə klubunun bu təklifə razılıq verməməsindən getmir. İş ondadı ki, Cənubi Kiprin Konfrans Liqasının qrupundakı təmsilçiləri – “Omoniya” ilə “Anortosis” də eyni stadionda oynayır. “Qarabağ”ın qrupdakı rəqibi “Omoniya”nın da təqvimlə bağlı özəl istəyi olub. Belədə qrupun təqviminin qarışacağını nəzərə alan UEFA dəyişikliyi lazım bilməyib. Yəni oyunlar artıq açıqlanan təqvim üzrə keçiriləcək. Çox güman, bazar ertəsi “Bazel”lə oyunun harda keçiriləcəyinə aydınlıq gələcək. Artıq “Qarabağ” rəsmiləri BOS rəhbərliyi ilə də görüşüb. Ağdamlılar ilk oyunu BOS-da keçirsələr belə, növbəti ev oyunları üçün “Bəhramov”a dönmək niyyətindədilər.
ORXAN