Ötən həftənin cümə axşamı az qala hər kəs Kriştiano Ronaldonun İngiltərə dönəcəyinə əmin idi – ancaq “Mançester Yunayted”ə yox, “Mançester Siti”yə. “Yuve”dən getmək üçün dəridən-qabıqdan çıxan portuqaliyalı hara gəldi qaçmaq istəyirdi.
Ancaq iki məqam hadisələrin axarını dəyişdi. Söhbət MY rəhbərliyinin klubun əfsanəsini ələ keçirməyin vacibliyini anlamasından və ser Aleks Ferqyuson amilindən gedir.
İnsayderlərin yan-yörəsini bəzədiyi versiya belə səslənir:
"Ronaldonun “Siti” ilə anlaşdığından xəbər tutan Ferqyuson ona zəng edərək, fikrindən daşındırıb. Jorje Mendeş də elə anındaca özünü MY-nin qapısına çatdırıb. Məsələn, “Manchester Evening News”un redaktoru Semüel Lakherst iddia edir ki, “səhər Ronaldonun xidmətində yalnız MS maraqlı olub, ancaq o, sonradan ser Aleks Ferqyusonla danışıb”.
Bəlkə də yuxarıda səslənən versiya kino ssenarisinə bənzəyir, ancaq dəqiq olan budu ki, Ronaldo ilə ser Aleks arasındakı münasibətlər çox yaxşıdı. “Real”ın və Portuqaliya yığmasının finala qədər irəlilədiyi müxtəlif turnirlərdə şotlandiyalı daim sabiq futbolçusu ilə görüşüb, qucaqlaşıb, həyatı müzakirə edib və hətta ulduzun oğlu ilə də tanış olub.
Bu iki şəxsin münasibətləri necə inkişaf edib?
Bəlkə də Ronaldoya ilk vaxtlarda sərt şotlandiyalı ilə ünsiyyət qurmaq çətin olub. Axı o, həmin vaxt ingiliscəni də bilmirdi. Ancaq 2005-də Krişlə ser Aleksi yaxınlaşdıran hadisə yaşanıb. Ronaldo BBC-nin çəkdiyi sənədli filmdə etiraf edir:
“Atam Londondakı xəstəxanada pis vəziyyətdə yatanda – komanda idi – Ferqyusonla söhbətim oldu. Ona dedim ki, “boss, özümü yaxşı hiss etmirəm”. Çempionatda və Çempionlar Liqasında həlledici oyunlarımız var idi. Ancaq ona deyirəm ki, “yaxşı deyiləm, atamı görmək istəyirəm”. Ferqyuson belə cacab verdi: “Kriştiano, bir-iki günlük, həftəlik gedə bilərsən. Yerin görünəcək, bizim üçün vacib olduğunu bilirsən, ancaq ata hər şeydən vacibdi”. O mənə bunları deyəndə necə də möhtəşəm adam olduğunu düşündüm”.
Kriştianonun atası 2005-in sentyabrında qaraciyər çatışmazlığından öldü – alkoqolla bağlı problemləri var idi. Kriştiano faciəyə mətanatlə dözdü: hətta Portuqaliya yığmasının düşərgəsini də tərk etmədi:
“Atamı tam tanıya bilmədim. O, içki düşkünü idi. Heç vaxt ürəkdən söhbət edə bilmədik. Hər şey çox mürəkkəbdi”.
Həqiqətən də, Ronaldo heç vaxt atası ilə hədsiz yaxın olmayıb, ancaq illər ötəndən sonra onun ölümün xatırlayarkən həmin vaxt yanıb-yaxıldığını, hətta göz yaşı axıtdığını etiraf edib.
Ferqyuson “Yunayted”də yaratdığı ailə atmosferi ilə gənc portuqaliyalıya faktiki atasını əvəz etdi.
2012-də “Old Trafford”da Ferqyusonun büstü qoyulanda Ronaldo da mərasimdə iştirak etdi. Sıx təqvim üzündən yalnız video formatında qatıldı və buna görə üzr istədi. Elə həmin il o, bir daha Ferqi haqda xoş danışdı:
“Qeyri-adi insandı. Mənə çox şey öyrədib. Əvvəl də dediyim kimə, məhz buna görə mənə futbolda ata olub. Gözəl münasibətlərimiz var, onun üçün darıxıram”.
2013-də BBC idmanda “ilin adamı” mükafatını Ferqyusona verərkən Kriştiano da çıxış etdi: “O mənim üçün bir nömrədi”.
Ser Aleksa də Ronaldonu unutmurdu. O, 2015-də Ronaldo haqda çəkilən filmin premyerasına qatıldı – birlikdə qırmızı xalça üzərində göründülər. Portuqaliya üçün qələbə ilə bitən AÇ-2016-nın finalından sonra da bayraqla dolaşan Kriştiano Ferqyusonu görən kimi ona sarıldı.
2017-də Ronaldo Çempionlar Liqasının finalının ən yaxşısı sayılanda mükafatı məhz ser Aleksdən aldı. Mükafatlandırmadan əvvəl isə tribuna altında görüşdülər – yenidən qucaqlaşdılar, söhbət etdilər, Kriş ser Aleksə oğıunu da təqdim etdi.
Kimin dünyanın ən yaxşı futbolçusu olduğuna dair mübahisələrdə belə Ferqyuson sabiq yetirməsinin tərəfini saxlayıb. Kriş MY-dən gedəndən 6 il sonra belə:
“Çoxları haqlı yerə deyirlər ki, Messi dünyanın ən yaxşı futbolçusudu. Mu fikirlə mübahisə etməyə dəyməz. Ronaldoya gəlincə… O, “Milluoll”da, KPR-də, “Donkaster”də, hər hansı başqa yerdə oynasaydı da, het-trik edə bilərdi. Messinin bunu edə biləcəyinə əmin deyiləm. Ronaldonun iki ayağı da işləkdi, sürətlidi, hava mübarizələrində yaxşıdı və cəsarətlidi. Hərçənd əlbəttə, Messi də cəsarətlidi”.
Bir il sonra Ferqyuson baş beynindən əməliyyata məruz qalanda Ronaldo onu dəstəklədi:
“Düşüncələrim və dualarım səninlədi, əziz dost. Boss, güclü ol”.
Əlbəttə, ser Aleks əməliyyatın öhdəsindən gəldi – tezliklə onlar yenidən görüşdülər. Kriş onunla fotosunun yanına bu sözləri yazmışdı:
“Dahi məşqçi və ilk növbədə gözəl insan. Həm meydanda, həm də ondan kənarda mənə çox şey öyrətdin. Boss, səni yaxşı formada görmək çox xoşdu”.
2020-ci ildə, yəni Ronaldo Portuqaliyada 10-cu dəfə “ilin idmançısı” sayılıb mükafat alanda Ferqyuson ona videomüraciət yazmışdı:
“Səni belə möhtəşəm nəticə münasibəti ilə təbrik edirəm. Çox təəssüf ki, belə gündə yanında ola bilmirəm. Ancaq səni – 17 yaşında “Mançester Yunayted”ə gələn yeniyetməni xatırlayıram. Həm insan, həm də idmançı kimi ən yaxşı oldun. Sənə, anana, ailənə, bütün uşaqlarına demək istəyirəm – təbrik edirəm! Səni tanımaq, birlikdə çalışmaq, futbolçu kimi inkişafını görmək mənim üçün böyük şərəfdi. Odu ki, bir daha təbriklər və uğurlar”.
…Belə münasibətlərin fonunda məhz Ferqyusonun Ronaldonun seçiminə təsir etdiyi haqda deyilənlərə inanmağa dəyər.