25 il əvvəl Azərbaycan millisi İsveçrə üzərində möhtəşəm qələbə qazanmaqla 7-dən 77-yə hamını sevincə qərq etdi.
Yığma özündənrazı isveçrəliləri evə əliboş yola salmaqla futbol səlnaməmizə yeni səhifə yazdı. 1996-cı il avqustun 31-də keçirilən və 1:0 hesabıyla qələbə qazandığımız həmin görüşdə yığmanın qapısını Aleksandr Jidkov qoruyurdu. O Jidkov ki, SSRİ çempionatlarında penalti qaytarmaq üzrə ad çıxarmışdı. 25 ildən sonra həmin günü yada salmaq, bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Aleksandr Vitalyeviçi aradıq.
- Salam, sizi Bakıdan, “Futbol+” qəzetindən narahat edirik.
- Çox gözəl. Telefonda Azərbaycan nömrəsini görəndə çox sevindim.
- 1996-cı il, 31 avqust tarixi sizə nəsə deyir?
- (bir qədər düşünür). Aha, bildim nəyi nəzərdə tutursuz. Həmin gün biz Bakıda İsveçrəni yenmişik. Görün artıq nə qədər vaxt keçib? Sanki hər şey dünən olmuşdu.
- Həmin oyunu necə xatırlayırsız?
- 25 ildən sonra hər şeyi detallı şəkildə yada salmaq bir qədər çətindi. Ancaq onu deyə bilərəm ki, İsveçrə ilə matça çıxanda içimdə bir rahatlıq var idi. Elə bil kimsə məni əmin etmişdi ki, qalib gələcəyik. Bilirsiz, həmin vaxt millidə çıxış edənlərin əksəriyyəti SSRİ çempionatında oynamış uşaqlar idi. Yəni “baqajımız” var idi. Yığmada ilk qələbə ilk dəfə ata olan adamın sevinməsinə bənzəyir. Möhtəşəm matç idi. Səhv etmirəmsə, rəhmətlik Heydər Əliyev də həmin oyunu stadiondan canlı izləmişdi. Əslində həmin milli daha yaxşı nəticələr qazana bilərdi. Təəssüf ki, beynəlxalq təcrübəmiz yox idi. Biz həmin illərdə daha çox dostluq çərçivəsində Tunis, Mərakeş klubları ilə qarşılaşmışdıq. Birdən-birə Norveç, Fransa, Polşa kimi yığmalara qarşı oynayanda təcrübəsizliyin əziyyətini çəkmiş olduq. Yadımdadı, Polşa ilə qarşılaşmada 90-cı dəqiqəyə qədər hesab 0:0 idi. Son saniyələrdə qapımızda qol gördük (təbii ki, Jidkov səhv edir, 1994-cü il oktyabrın 12-də keçirilən oyunda yeganə qolu Yuskovyak 44-cü dəqiqədə vurub – red.).
- Həmin oyuna görə yığma üzvlərinə mükafat verilmişdi?
- Bəli. Yaddaşım məni aldatmırsa, həmin qələbəyə görə 300 dollar aldıq.
- Çoxdandı sizdən xəbər-ətər yoxdu. Hardasız, nə işlə məşğulsuz?
- Evdə oturub iş təklifi gözləyirəm (gülür). Pandemiyaya qədər Kursk “Avanqard”ında çalışırdım. Bu zəhrimar xəstəlik imkan vermədi.
- Hazırda xidmətinizdə maraqlı olan klub yoxdu?
- Dmitri Kramarenko millidən ayrılandan sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla telefonla danışdım. İyunda aramızda olan söhbətdə bildirdi ki, boş qalan yerə ən real namizəd sənsən. Onu da əlavə etdi ki, yaxın günlərdə səninlə əlaqə saxlayacaqlar. Sonradan eşitdim ki, həmin yerə gənc məşqçi təyin olunub. Mən isə hələ də zəng gözləyirəm (gülür).
- Çoxdan Bakıya gəlmirsiz...
- Gərək dəvət edən olsun ki, gəlim. Yığmaların birindən və yaxud klublardan təklif alsam, həvəslə gəlib işləyərəm. Tez-tez İsgəndərlə (İsgəndər Cavadovu nəzərdə tutur – R.) danışıram. Onun vasitəsi ilə Azərbaycan futbolunda başverənlərdən xəbərim olur. Bir də saytları oxuyuram.
- Azərbaycan futbolunu izləyirsizsə, yəqin yığmanın son oyununun nəticəsindən də xəbəriniz var.
- Təbii ki. Mən elə bilirdim, təkcə Rusiyada futbol tənəzzülə uğrayıb, sən demə, Azərbaycan futbolunda vəziyyət daha acınacaqlıdı. Lüksemburqu udmayan komandadan Portuqaliya, Serbiya ilə görüşlərdə nə gözləyəsən?! Tutaq ki, adını çəkdiyim yığmalar qrupun favoritidi, bəs Lüksemburq? Açığı, matçı izləməmişəm. Ancaq mediada yazılanlardan belə başa düşdüm ki, baş məşqçi yığmanın liderlərini ehtiyatda saxlayıb və ikinci hissədə meydana buraxıb. Yəqin onun niyə belə etdiyini özündən soruşan olub. Bilirsiz, mənə çatmayan nədi? Neçə illlərdi yığmaya əcnəbi mütəxəssislər dəvət olunur. Ancaq nəticə dəyişmir. Azərbaycan ya qrup sonuncusu olur, ya da axırdan ikinci. Kənardan dəvət olunan məşqçilər yığmanı yeni mərhələyə yüksəldə bilmirlərsə, israrla birini başqası ilə əvəzləməyin nə mənası var? Ondansa, yerli gənc mütəxəssislərə etimad göstərilsin, onlara özlərini göstərmək üçün imkan yaradılsın.
- Klublarımızın bu yay avrokuboklardakı çıxşı haqda fikirləriniz necədi?
- “Neftçi”nin Hayfa “Makkabi”si ilə oyunundan heç nə baş açmadım. Komanda ikinci hissədə qısa vaxtda rəqibi 3 dəfə meydanın mərkəzinə dəvət edir. Ardınca qələbə hesabını əldən verir. Səfərdə isə 4 cavabsız qolla məğlub olur. Oyuna baxmasam da, belə başa düşürəm ki, “Neftçi”nin müdafiəsində ciddi boşluq var. İki görüşə 7 top buraxan komanda barədə bundan artıq nə söyləmək olar? Yenə sağ olsun “Qarabağ” ki, ardıcıl 8-ci dəfə qrupda oynamaqla Azərbaycan futbolunun yükünü çiynində dartır.
- Başqa nəsə demək istəyirsiz?
- Nə deyim? Bakıda olan bütün dostlarıma, məni tanıyanlara çoxlu salam göndərirəm. Bir də təklif olsa, böyük məmnuniyyətlə Azərbaycanda işləyərəm.
RƏŞAD