2015-dən bu yana PSJ-nin şərəfini qoruyan və bu müddətdə 15-dən çox titul qazanan argentinalı vinger sabiq klubları - ''Real'' və ''Mançester Yunayted''dəki dönəmi haqda danışıb.
Argentina kanalına açıqlama verən 33 yaşlı futbolçu bunları deyib:
'
'Joze Mourinyo bəzən dəli insan təəssüratı bağışlayır. Amma mənimlə münasibətləri həmişə qaydasında olub. Kimliyindən asılı olmayaraq istənilən oyunçuya istənilən iradı bildirir. Bir dəfə Kriştiano Ronaldonun üstünə qışqırdığını xatırlayıram. Ronaldoya bütün komandanın onun da yerinə qaçmaq məcburiyyətində qaldığını deyərək iradını bildirmişdi. ''Yunayted''də mənə ''7'' nömrə verilsə də, bu məqam mənim üçün o qədər də ciddi əhəmiyyət kəsb etmirdi. Düzdü, ilk vaxtlar bu haqda mənə daim xatırladırdılar. Amma bu, sadəcə bir rəqəmdi. ''Yunayted''ə mənim problemim yalnız Van Qalla bağlı idi. O, karyeramdakı ən pis məşqçidi''.
Bundan başqa Di Mariya karyerası ərzində birlikdə oynadığı futbolçuların ən yaxşı ''5-liy''ini tərtib edib. Maraqlıdı ki, o, bu siyahıya Kriştiano Ronaldonu və hazırda PSJ-də birlikdə top qovdugu Neymarı salmayıb! Argentinalı birinci yerə həmyerlisi Lionel Messini, ikinci yerə Marko Verrattini, üçüncü yerə Zlatan İbrahimoviçi layiq görübsə, Luka Modriçlə Toni Kroosu da unutmayıb. Di Mariya Ronaldonu siyahıya salmamasına belə aydınlıq gətirib:
''Təbii ki, Kriştianonu da siyahıya sala bilərdim. Amma o, daha çox rəqib böyük boşluqlar buraxarkən, yəni geniş ərazidə oynamağı xoşlayır. Mən isə kiçik məsafədə böyük işlər görən oyunçuları bəyənirəm. Messi, Verratti və Modriç kimi''.