Öz komanda yoldaşını döyən ''Qalatasaray''lı Markaodan xəbər var.
Bilindiyi kimi superliqanın 1-ci turunda ''Girəsunspor''la səfər oyununda braziliyalı müdafiəçi öz komanda yoldaşı Kərəm Aktürkoğluya kəllə və yumuruq atdığı üçün qırmızı vərəqə almışdı. Nizam-intizam Komitəsi ''sambaçı''ya 8 oyunluq cəza vermişdisə, ''Cim-Bom'' onu qeyri-müəyyən müddətə əsas komandadan kənarlaşdırmış və 150 min avro para cəzası vermişdi. AL-in qrup mərhələsində oynayacaq İstanbul nəhənginin UEFA-ya göndərdiyi iştirak ərizəsi açıqlanıb. Bu siyahıda Markaonun da olması diqqət çəkib. Bu gün isə 25 yaşlı futbolçu bu qalmaqaldan sonra ilk dəfə komanda ilə birlikdə məşqə çıxıb. Bu da o deməkdi ki, rəhbərlik Markaonu əfv edib! Düzdü o, superliqada istənilən halda oktyabrın 24-dən, yəni 10-cu turda ''Beşiktaş''la keçiriləcək dərbidən öncə meydana çıxa bilməyəcək. Amma həmin ana qədər ''Qalatasaray'' AL-in qrupunda artıq 3 oyun keçirmiş olacaq və Fatih Tərim şans verəcəyi təqdirdə Markao bu görüşlərdə komandaya yardım edə biləcək.
Yığmanın düşərgəsində olan Kərəm Aktürkoğlu hələ ki, məşqlərdə iştirak etmir. Amma onun məşqlərə qatıldıqdan sonra Markao ilə necə anlaşacağı indidən böyük maraq doğurur.