Kriştiano Ronaldonun bir neçə gün əvvəl sıralarına qayıtdığı “Mançester Yunayted”də daşıyacağı forma nömrəsi müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, ulduz futbolçu sevimli nömrəsinə qovuşub.
İngiltərə klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, portuqaliyalı hücumçu köhnə-təzə komandasında “7” nömrəli forma ilə çıxış edəcək. Qeyd edək ki, komandada son vaxtlar bu nömrə altında uruqvaylı hücumçu Edinson Kavani çıxış edirdi. Premyer-Liqanın mövcud qaydaları mövsüm ərzində nömrələrin dəyişdirilməsini qadağan edirdi. Kriştiano yalnız Kavani klubu tərk edəcəyi halda istəyinə çata bilərdi. O isə komandadakı çıxışını davam etdirir. Belə vəziyyətdə MY rəhbərliyi Ronaldoya güzəşt edilməsi xahişi ilə Premyer-Liqanın müvafiq orqanına müraciət edib və müraciətinə müsbət cavab alıb. Deniel Ceyms bugünlərdə “Lids”ə satılmışdı. O, klubu tərk etdiyi üçün Kavani Ceymsin “21” nömrəli formasını seçməyə razılaşıb. Onu da bildirək ki, Edinson Uruqvay millisində bu rəqəm altında çıxış edir.
Beləliklə, həm oyundaşı, həm də liqa rəhbərliyindən güzəşt əldə edən Ronaldo “Yunayted”in “7” nömrəli futbolçusuna çevrilib. 36 yaşlı forvard 2003-09-cu illərdə bu klubda, sonra isə “Real”da və “Yuventus”da məhz bu nömrəni daşımışdı.