
''Barselona''ya lazım olmayan ulduz ''Beşiktaş''a keçdi
''Beşiktaş'' transfer dönəminin sonuna yaxın heyətini daha bir önəmli futbolçu ilə gücləndirib.
Söhbət Miraləm Pyaniçdən gedir. 31 yaşlı futbolçu bu mövsüm üçün ''Barselona''nın planlarına daxil deyildi. Kataloniya nəhəngi ilə 2024-ün yayına qədər müqaviləsi olan Pyaniç bu mövsüm La Liqanın heç bir oyununda meydana çıxmamışdı. Onun 8,5 milyon avro kimi yüksək bir məbləğə bərabər olan illik məvacibi üzündən ''Barsa'' ondan qurtulmağa çalışırdı. Bosniya və Herseqovina yığmasının üzvünə ən ciddi maraq göstərən klub məhz ''Beşiktaş'' oldu. Əvvəlcə ''blauqrana'' ilə anlaşan İstanbul nəhəngi Pyaniçi dünən axşam saatlarında İstanbula gətirdi. Təcrübəli futbolçu tibbi müayinədən keçdikdən sonra təcili olaraq federasiyanın binasına yollanaraq burda rəsmi müqaviləyə imza atdı və ona lisenziya çıxarıldı. ''Beşiktaş''ın Pyaniçi UEFA-ya göndərilən iştirak ərizəsinə salmaq üçün yerli vaxtla saat 01.00-a qədər vaxtı var idi və bütün bu proses 00.54-də başa çatdı.
Beləliklə ''Qartal'' bu oyunçunu birillik icarəyə götürdü. Pyaniçin illik məvacibi 2,7 milyon avro təşkil edəcək. Onun qazancının qalan hissəsini ''Barsa'' özü ödəyəcək. Qeyd edək ki, məhşur yarımmüdafiəçi ötən yay 60 milyon avro qarşılığında ''Yuventus''dan ''Barselona''ya keçmişdi. Böyük uğurlar qazandığı İtaliya karyerasından fərqli olaraq Pyaniç ''Barsa''da özünü göstərə bilmədi. Bu klubda o cəmi 30 rəsmi oyuna çıxaraq qol və ya məhsuldar ötürmə ilə fərqlənə bilmədi. Daha öncə ''Mets'', ''Lion'' və ''Roma''da çıxış etmiş Pyaniç peşəkar karyerası ərzində 552 oyuna çıxaraq 73 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. ''Beşiktaş'' prezidenti Ahmet Nur Çəbi Pyaniçin gəlişi ilə bu yay üçün transferlərin bitdiyini açıqladı.