"Oyunu təhlil etsək, deyə bilərik ki, matç fərqli iki hissədən ibarət oldu. 1-ci hissədə komanda çox zəif oynadı. Belə oyun göstərmələrinə səbəb isə düşünürəm ki, heyətlə bağlı idi. Amma ikinci hissədə dəyişikliklər olandan sonra hətta futbolçularımız fərqələnməyi də bacardı. Çox gözəl də qol vuruldu. İlk yarıdan sonra oyun yaxşı alındı".
Bu sözləri "Football-plus.az" saytına açıqlamasında Ağasəlim Mircavadov deyib. Tanınmış mütəxəssis yığmamızın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmanı dəyərləndirib:
Artıq bilirdik ki, sentyabrda seçmə oyunlar olacaq. Millimizin yaxşı nəticə əldə etməsi üçün AFFA müəyyən işlər gördü. Baş məşqçiyə hazırlıq üçün yetərincə vaxtı var idi. Premyer-liqada artıq 2 tur keçirilib. Klublarımızdan 4-ü avrokuboklarda iştirak etdi. Bu, futbolçularımızın da hazırlaşmaları üçün kifayət idi.
İkinci səbəb o idi ki, oyunçularımızdan bəziləri xaricə getdi. Emreli, Krivotsyuk Polşaya, Ələskərov Türkiyəyə. Bu, əslində yaxşı haldı. Futbolçularımız güclü çempionatlarda top qovur. İkinci hissə bizə göstərdi ki, xaricdə oynayan milli üzvlərinin meydana daxil olması yığmamızın oyununa təsir etdi. Deyə bilərəm ki, ümumiyyətlə, zəif milli yoxdu. Lüksemburqla oyun isə yaxşı alınmadı. Biz görüşdən görüşə baxırıq və təhlili ona görə edirik. Futbolçunun özünün hazırlıq vaxtı var. Yığma ən yüksək zirvədi. Hər bir futbolçu Azərbaycan millisində oynamağa istəkli omalıdı. Bu, əsas məsələdi. Düşündüyüm 2-3 oyunçu var idi ki, əsas heyətdə başlamadı. Bunun səbəbini ancaq baş məşqçi izah edə bilər. Oyun da onu göstərdi ki, iki hissə arasında fərq çoxdu.
GÜNAY VƏLİYEVA