AFFA İcraiyyə Komitəsinin avqustun 19-da keçirilən iclasında sentyabrın 1-dən etibarən Azərbaycan premyer-liqasının oyunlarını idarə edən hakimlər üçün “Peşəkar hakim” statusu sisteminin tətbiq olunması barədə qərar qəbul olunub.
Bundan sonra premyer-liqa oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 hakim köməkçisinə peşəkar hakim statusu veriləcək. Bununla bağlı həmin şəxslərin hər biri ilə müvafiq müqavilə imzalanacaq. Peşəkar hakim statusuna malik olan referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 manat (gross), referi köməkçilərinə isə 700 manat (gross) məvacib ödəniləcək. Həmçinin onlar əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar. Peşəkar statusa malik hakim digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidi. Müqaviləyə qol çəkənlər ciddi səhvə yol verəcəyi təqdirdə, peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər. Lakin onlar oyunları idarə edərək qonarar alacaqlar.
Qərar olduqca maraqlı və müzakirəyə açıqdı. Boşluqlar hiss olunur. Məsələn, hakim ciddi səhv edəcəksə, niyə ancaq maaşı kəsiləcək? Ümumiyyətlə, oyunlara təyinat almasa, yaxşı olmaz? Bu layihə özünü doğruldacaqmı? Son vaxtlar premyer-liqa qarşılaşmalarında hakimlər ciddi səhvlərə yol verirlər. Bu üzdən klub nümayəndələri, azarkeşlər referiləri tapşırıq almaqda günahlandırırlar. “Peşəkar hakim” statusundakı maaş məsələsi bu söz-söhbəti daha da alovlandıra bilər.
Qərardakı qaranlıq məqamlara aydınlıq gətirmək üçün AFFA Hakimlər Komitəsinin sabiq sədrləri Əli Hüseynov, Gülağa Cabbarov və Xaqani Məmmədova müraciət etdik. Hər üç şəxs assosiasiyanın addımını alqışladı. Lakin “peşəkar hakim” statusunun ortaya çıxaracağı problemləri fərqli izah etdilər.
Xaqani Məmmədov: “Bu addımı alqışlayıram. Yaxşı qərardı. Mən Avropada bir çox hakim tanıyıram ki, onların ölkələrində də peşəkar hakimlər maaş alırlar. Bu, referilər üçün əlavə stimuldu. Hakim daha yaxşı çalışmalıdı, öz üzərində işləyib, ədalətlə oyunları idarə etməlidi ki, maaşını itirməsin. Qərarda qeyd olunub ki, hakim ciddi nöqsanlara yol verdikdə bu statusdan məhrum ola bilər. Yəni maaşını ala bilməyəcək. Ancaq qarşılaşmaya görə qonarar alacaq. Hər kəs çalışacaq ki, maaşını itirməsin. Qaydalarda anlaşılmayan bir cümlə var. Hakimlərin maaşını 1000 manat yazıblar, qarşısına “gross” sözü əlavə olunub. Bu, həmin şəxsin vergi ödəməli olduğunu göstərir. Yəni hakim həmin 1000 manatdan nə qədər alacaq, hələ dəqiq bilinmir. Amma ümumilikdə çox yaxşı qərardı, təqdirəlayiq addımdı. Orda xoşuma gəlməyən bir söz var: hakim ciddi nöqsana yol verdiyi halda statusdan məhrum olacaq, amma idarə etdiyi oyunlara görə qonarar alacaq. Bunun idarəçiliyində problem varsa, niyə hansısa qarşılaşmaya təyinat almalıdı? Hansısa hakim fikirləşə bilər ki, səhv etsəm də, maaşım kəsiləcək, amma qonorarımı ala biləcəm. Bu, mənim üçün bir qədər qaranlıqdı. Amma yenə deyirəm, tam detalları bilmirəm. Oxuduqlarıma əsasən fikir söyləyirəm. Düşünürəm ki, klublar hakimləri AFFA-dan maaş aldıqlarına görə qınaya bilməz. Hakim maaş alırsa, artıq peşəkardı. Başqa yerdə işləyirsə, seçim qarşısında qalırsa, prioritet hakimlik olacaq. Burda hansısa klub etiraz, nə də AFFA ona təzyiq edə bilməz. Ona göstəriş veriləcəyi təqdirdə, ədalətli insandısa, maaşından imtina edəcək. Yaxud da hakimliyi atıb, gedəcək. İnanmıram ki, AFFA “1000 manat verirəm, mən dediyimi etməlisən”, - deyə hakimlərə təzyiq etsin”.
Əli Hüseynov: “Düşünürəm ki, bu məsələni uzun müddət götür-qoy ediblər. Yəqin bunun xeyrini hesablayıblar. Bununla da hakimliyin səviyyəsi arta bilər. Ona görə belə addım atıblar. Mən hesab edirəm ki, hakimlərimiz çox əziyyət çəkiblər. Bilirsiz, əvvəllər çempionatlarımız ağır keçib. Buna görə də onlara maaş verilməsini alqışlayıram. Həm maaş, həm də qonorar alsalar, onların peşəkarlığı daha da artacaq. Mən bu stimullaşdırmanı dəstəkləyirəm. Kiminsə AFFA-nın maaş verməsinə görə hakimləri qınaması düzgün deyil. Oğru elə bilir ki, hamı oğrudu. Belə bir fikir yoxdu. Hakimlər bacardıqları qədər oyunları peşəkar səviyyədə idarə etməyə çalışırlar. Hamı öz işini yüksək səviyyədə görmək istəyir. Heç kim hazırda əyri yola gedə bilməz. Bu, mümkün deyil. PFL çox sağ olsun. Bu qurum yaranandan rüşvətin kökü kəsilib. Ramin Musayev bu məsələyə nöqtə qoydu. İnanmıram ki, hansısa hakim klublarla düşmənçilik, ya da pul söhbəti etsin. Bu, mümkün olmayan bir şeydi. Mən bunu belə başa düşürəm. Bu gün üçün belə şeylər yaşana bilməz”.
Gülağa Cabbarov: “Doğru qərar veriblər. Dəstəkləyirəm AFFA-nın bu qərarını. “Hakimlər AFFA-dan maaş alırlar deyə tapşırıqla iş görməlidilər” fikrini deyənlərdən münasibət almaq lazımdı. Mən belə olacağını düşünmürəm. Hamı hər şey deyə bilər. Amma real olmadıqdan sonra kim nə istəsə, danışa bilər. Mən AFFA-nın bu addımını dəstəkləyirəm. Çox gözəl və maraqlı layihədi”.
İLKİN SULTANLI