Şahruddin Məhəmmədəliyev - 4,5
Qolkiper bu matçı səvəyyəsindən aşağı keçirdi. Meydan sahiblərinn 8-ci dəqiqəyə təsadüf edən ilk qolunda topa toxunsa da, onu qapı xəttindən uzaqlaşdıra bilmədi. Halbuki həmin an qapıçı zərbəyə vaxtında reaksiya vermişdi. Ancaq komandasını qoldan xilas edə bilmədi. Məhəmmədəliyev ikinci hissədə bir qədər özünə gəldi, ilk yarıdakı qədər inamsız görünmədi.
Maksim Medvedev – 4,0
Kapitan növbəti dəfə komandanın lideri olmağı bacarmadı. İlk yarıda bir qədər özünə yad olan mövqedə çıxış edən Maksim yalnız fasilədən sonra komandasına faydalı olmağı bacardı.
Höccət Haqverdi – 3,5
“Sumqayıt”ın “milliləşdirilmiş” legioneri ilk qolda səhvə yol verən iki futbolçudan biri idi. Höccət Pintunun fərqləndiyi an cavabdehlik daşıdığı zonanın boş buraxmaqla rəqib oyunçunun fərqlənməsi üçün hər şey etdi.
Azəq Salahlı – 3,5
Müdafiənin mərkəzində oynayan “Keşlə”nin solaxay müdafiəçisi ümumi ansambldan geri qalmırdı. O da müdafiədə yer alan komanda yoldaşları kimi xüsusilə ilk hissədə itib-batmışdı. Bir-iki dəfə hücuma dəstək verən Azər də yığmada ən zəif oyunlarından birini keçirdi.
Abbas Hüseynov – 3,0
“Qarabağ”ın oyunlarında gördüyümüz Abbasdan əsər-əlamət yox idi. Müdafiəçi sanki ilk dəfə beynəlxalq oyuna çıxmışdı. Meydanda olduğu müddətdə səhvləri sıralayan Hüseynov həm ilk qolda mövqə səhvinə yol verdi, həm də qapımıza penalti vurulmasına səbəbkar oldu.
Toral Bayramov – 4,0
Cari mövsümdə ulduzu parlayan Toral təcrübəli həmkarlarından fərqli, heç də pis təsir bağışlamırdı. Sol cinahda yer alan gənc futbolçu tez-tez hücuma qoşulur, qapı önünə asma və ötürmələr edirdi. Ancaq o da bəzən hücuma aludə olub vaxtında zonasını bağlamırdı ki, belədə Lüksumburq boşluqdan istifadə edib həmin zonadan hücumlar qururdu.
Qara Qarayev – 3,5
Daha çox “qara iş” görməli olan Qarayev ilk hissədə kölgəyə çəkildiyindən rəqib mərkəzdə istədiyini edir, qapımıza yaxınlaşmaqda çətinlik çəkmirdi. Fasilədən sonra bir qədər özünə gələn təcrübəli dayaq yarımüdafiəçisi ümumi götürəndə bir çox komanda yoldaşları kimi ümidləri doğrultmadı.
İsmayıl İbrahimli – 3,0
Oyunda olduğu 45 dəqiqədə heç nə ilə yadda qalmadı. İsmayıl meydana sanki say düzəltmək üçün çıxmışdı. Əsas işi hücumla müdafiə arasında “körpü” funksiyasını yerinə yetirmək olsa da, “ikinci zona”dan çıxmağı bacarmırdı.
Emin Mahmudov – 5,0
“Neftçi”nin baş məşqçisi Samir Abasov avrokuboklardan sonra yetirməsinin hər nə qədər yorğun olduğunu bildirsə də, Lüksemburda millinin ən yaxşısı idi. Düzdü, o da ilk hissədə gözə dəymədi. Ancaq fasilədən sonra komandanın düşünən beyni kimi bütün hücumların qurulmasında fəal iştirak edirdi. 67-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qol da çox baxımlı alındı.
Filip Özobiç – 3,5
Millidə debüt edən xorvatiyalı “Qarabağ”da sərgilədiyi oyunun heç yarısını De Byazinin komandasında göstərə bilmədi. Az-çox fasilədən sonra nəsə etmək istədiyi sezilirdi. Lakin ona göstərilən etimadı doğrultmadı.
Əli Qurbani – 2,5
“Sumqayıt”ın ucaboy forvardı meydanda olduğu 45 dəqiqədə heç nə ilə yadda qalmadı. Premyer-liqada hava toplarında inamlı təsir bağışlayan Əli yığmada heç cür özünü göstərə bilmir. Hücumçu daha çox topsuz qaçmaqla yadda qaldı ki, belədə faydalı iş əmsalı çox aşağı idi. Baş məşqçi fasilədə onu dəyişməklə düzgün addım atdı.
Anton Krivotsyuk – 4,0
İkinci hissədə meydana çıxan müdafiəçi müdafiənin mərkəzində yer aldı və ciddi səhvə yol vermədi.
Rəhim Sadıqov – 3,5
Premyer-liqanın ilk iki turunda iki qol və iki məhsuldar ötürmə ilə yadda qalan Rəhim 88-ci dəqiqədə əlinə düşən fürsətdən yararlansaydı, oyunun qəhrəmanlarından biri olacaqdı. Təəssüf ki, əlverişli imkandan yararlanmağı bacarmadı və rəqibin qapıçısı onun zərbəsini dəf etdi.
Anatoli Nuriyev – 3,5
Qaranı əvəzləyən Anatoli daha çox yaradıcı futbolçu olsa da, xüsusi nəsə göstərmədi. Yalnız 78-ci dəqiqədə uzaqdan zərbə ilə yadda qaldı ki, onda da top dirəyin yanından keçdi.
Namik Ələskərov – 3,5
Ikinci hissədə meydana çıxan Ələskərov yığmanın oyununda canlanma yaratsa da, bundan artığına gücü çatmadı. Çox çalışdı, amma adını tabloya yazdıra bilmədi.
Mahir Emreli – 3,5
“Legiya”nın yeni transferi cəmi 45 dəqiqə forma geymək şansı qazandı. Meydanda olduğu müddətdə çox fəal göründü. 63-cü dəqiqədə Ozobiç sabiq komanda yoldaşını qapıçı ilə görüşə göndərsə də, rəqib müdafiəçi vaxtında müdaxilə edərək topu kornerə çıxarmağı bacardı. Bu epizoddan başqa, Emreli bir neçə dəfə də bəxtini uzaqdan sınamağa qərar verdi ki, onda da cəhdləri uğursuz alındı. Ancaq istənilən halda, əvəzlədiyi Qurbanidən daha yaxşı təsir bağışladı.
RƏŞAD