Ötən gün UEFA "Qarabağ"a sentyabrın 16-da Konfrans Liqasının H qrupunun 1-ci turunda "Bazel"ə qarşı oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyə icazə verməyib.
"Football-plus.az" saytının məlumatına görə, bunun səbəbi stadionun ot örtüyünün yararsız vəziyyətdə olmasıdı. Ağdam təmsilçisi quruma biroyunluq istisna kimi "Azərsun Arena"nı təklif edib.
UEFA-nın buna cavabını öyrənmək üçün "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə danışdıq:
"UEFA"dan bu gün cavab gəlib. Oyun "Azərsun Arena"da da olmayacaq. Çünki stadion qurumun müvafiq standartlarına uyğun deyil. UEFA qanunlarına əsasən, meydan "4 ulduz"lu olmalıdı, "Azərsun Arena"nın isə "2 ulduz"u var. Sentyabrın 6-da nümayəndə heyəti gələcək. Tofiq Bəhramov adına Respubluka stadionu ilə Bakı Olimpiya Stadionunu təftiş edəcəklər. Ondan sonra UEFA yekun qərarı verəcək. Ehtimalımıza görə, oyun Bakı Olimpiya Stadionunda baş tutacaq. Amma heç nə tam dəqiq deyil. Tofiq Bəhramov adına Respublika stadionunda son matçımız avqustun 19-da keçirilib, 20-dən isə ot örtüyünün bərpasına başlanılıb. Sentyabrın 16-na kimi vəziyyət nisbəstən yaxşı olacaq. Biz buna görə istədik ki, ilk oyunu səfərdə keçirək. Lakin UEFA icazə vermədi. Matç həmin tarixdə baş tutsaydı, meydan yaxşı durumda olacaqdı. Nümayəndə heyəti sentyabrın 6-da gələcək. Həmin tarixdə stadionun qazonunun hansı vəziyyətdə olacağını demək çətindi".
SƏNƏM FƏRHADOVA