Dünən DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində yığmamızın yer aldığı A qrupunda Portuqaliya Faru şəhərində İrlandiyanı qəbul edib. Kriştiano Ronaldo matçın antiqəhrəmanı olmağa yaxın idi. Amma portuqaliyalı superulduz növbəti dəfə əsil çempion xarakteri nümayiş etdirərək adını tarixə yazdırdı.
12-ci dəqiqədə sloveniyalı hakim Matey Yuq meydan sahiblərinin lehinə penalti təyin edərkən təbii ki, topun başına Kriştiano keçdi. O, topu nöqtənin üzərinə qoyaraq zərbə vurmağa hazırlaşarkən irlandların müdafiəçisi Dara O'Şi ayağıyla topu kənara vurdu. Bu hərəkət Ronaldonun xoşuna gəlməyincə o, rəqibə sillə vurdu və O'Şi üzünü tutaraq yerə oturdu. Qəribədi ki, bu epizodda futbolçulardan heç biri sarı vərəqə almadı. Görünür bu olay ünlü futbolçunun diqqətini yayındırdı və o, penaltidən yararlana bilmədi. ''Portsmut''da çıxış edən qapıçı Qevin Bazunu zərbənin istiqamətini düzgün müəyyənləşdirdi. Kriştiano yığmada sonuncu dəfə DÇ-2018-də İranla oyunda penalti qaçırmış, sonrakı 6 zərbənin hamısını dəqiq yerinə yetirmişdi. Dramatik məqam odu ki, Ronaldo bu qolu vursaydı rekordu yeniləyəcəkdi. Bu azmış kimi qonaqlar 45-ci dəqiqədə Con İqanla hesabı açaraq fasiləyə öndə yollandılar.
Portuqaliya bütün ikinci hissəni hücumda keçirsə də, uzun müddət qol vura bilmədi və oyundan belə desək, sensasiya iyi gəlirdi. Amma dəmir iradəyə malik olan Kriştiano növbəti dəfə xilaskar rolunu oynadı. O, 89-cu dəqiqədə Qonsalo Gedeşin asması zamanı başla topu tora göndərdi. Bu, Ronaldonun yığmada vurduğu 110-cu qol oldu. Bununla da 36 yaşlı futbolçu İran yığmasının əfsanəsi Əli Daeinin rekordunu yeniləyərək futbol tarixində yığma səviyyəsində ən çox qol vuran futbolçuya çevrildi! Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə isə Ronaldo bu dəfə Joao Marionun asmasını başla tamamlayaraq bütün Portuqaliyaya sevinc bəxş etdi. İrlandiya onun yığmada qapısına yol tapdığı 45-ci fərqli komanda oldu. Azərbaycanlı futbolsevərləri üzən hadisə isə Ronaldo dublunu rəsmiləşdirdikdən sonra baş verdi. Kapitan formasını çıxararaq qolu çılğın şəkildə bayram etdi və sarı vərəqə alaraq cezalı duruma düşdü. Bu da o deməkdi ki, sentyabrın 7-dəki oyunda Ronaldonu paytaxtımızda görə bilməyəcəyik.