“Müəllim, futbola görə Qusara gedirsiz?” Qardaşın sualı həmkarım, sport24.az saytının baş redaktoru Ceyhun Əliyevlə söhbətimi yarımçıq qoydu. “Bəli, necə məgər?” “İstəmədən aranızdakı söhbəti eşitdim və başa düşdüm ki, kimsizsə, futbol adamısız və Qusara da məhz bugünkü oyuna gedirsiz” - bu sözlərin müəllifi bizi Bakıdan ölkənin şimal sərhədində yerləşən bölgəyə aparan taksi sürücüsü idi.

Futbola görə evdən gedən Saşa
Bir neçə gün öncə artıq bir çox klublarımız kimi tarixin yaddaşına köçən Qusar “Şahdağ”ının sabiq baş məşqçisi Kamran Əlibabayev zəng vurub bazar günü keçiriləcək Qusar birinciliyinin final görüşünə dəvət edəndə, “vaxtın olsa, mütləq gəl. Bir aydan artıq sürən rayon birinciliyinin həlledicvi matçıdı, çox maraqlı olacaq” demişdi. Millilərin oyunlarına görə premyer-liqada fasilə yarandığından həftəsonu vaxtım var idi. Bu üzdən Kamran bəyin təklifini dəyərləndirdim. Taksi sürücüsü ilə söhbətimizi bir qədər də inkişaf etdirməyi lazım bildim.

- Deyəsən, siz də futbol həvəskarısız?
- Açığı, gənc yaşlarımda daha çox maraqlanırdım. Özü də elə-belə azarkeşlərdən olmamışam. Futbolun xəstəsi, “Şahdağ”ın “dəli” fanatlarından biri idim. Futbolla bağlı sizə bir xatirəmi danışım. Təzə evlənmişdim. Toyumdan 4 gün sonra komandamız Bakıda ardıcıl iki oyun keçirməliydi. Fikriləşdim ki, 3 gündən bir Bakıya gedib-gəlməyim çox pul aparacaq. Və qərara gəldim ki, bir həftə Bakıdakı bibimgildə qalım və oyunları da stadiondan canlı izləyim. Bu fikirlə gəldim bibimin evinə. Yazıq məni görəndə təəccübləndi, ancaq heç nə demədi. Soruşmadı ki, təzə bəyin bizdə nə işi var... Bu minvalla, bir həftə paytaxtda qalıb hər iki qarşılaşmaya baxdım və həftənin tamamında evə qayıtdım. Darvazadan içəri girəndə gördüm rəhmətlik atam məhlədə kartof çıxarır. Başını qaldırıb məni görüncə beli alıb necə üstümə gəldisə, qorxumdan diziüstə çökdüm. Mənə yaxınlaşıb beli kürəyimin ortasına vurmaq istəyəndə anam qabağına keçdi. Yenə heç nə başa düşmürəm. Atam üzümə tüpürüb söyə-söyə uzaqlaşanda anama “bu kişi niyə belə edir” sualını vermişdim ki, “Allah səni birabır etsin. Adam da toyundan 4 gün sonra təzə gəlini evdə qoyub Bakıya gedər? Qonum-qonşu adına min söz çıxarmışdı. Deyirdilər ki, Saşa (ləqəbi belədi – R.) evdən qaçıb. Zorla camaatı başa salmışıq ki, qaçmayıb, sadəcə, Bakıya futbola baxmağa gedib”. Təsəvvür edin, mən necə futbol xəstəsi olmuşam. İndi bütün günüm Qusar-Bakı-Qusar marşrutunda keçir. Sizin kimi müştərilərim olanda mən də nəsə söz deyə bilirəm.

- Deyirlər ki, bugünkü oyuna rayonda böyük maraq var?
- Əşi, böyük maraq nədi? Bütün Qusar bu qarşılaşmanı gözləyir. Özünüz də görəcəksiz. Hətta mən ikinci reysdən imtina etmişəm. Bakıya nəğd iki müştərim var idi. Zəng vurdular, imtina etdim. Mən də oyunda olacam.
Saşa ilə söhbətimizdən də məlum oldu ki, hər şey Əlibabayevin dedyi kimi imiş. Rayon camaatı böyük həsrətlə “Qusar” – “Köhnəqala” oyununu gözləyirmiş.

Şirkət prezidentinə qiymət “oxuyublar”
Rayona gələn qonağın ilk dayanacağı hara olar?! Təbii ki, avtovağzal. Ceyhun bəylə yol yorğunluğumuzu çıxarmaq üçün üz tutduq Qusarın girişindəki avtovağzala. Oturub çay sifariş etdik və Əlibabayevi gözlədik. Ətrafımızdakı masaların hamısı dolu idi. Çay içənlərin, demək olar, hamısı ləzgi dilində danışdığından heç nə başa düşmürdük. Yaxınlıqda iki nəfər əyləşmişdi və onlar da öz aralarında ləzgi dilində nəyisə müzakirə edirdilər. Arada futbol sözü eşidilirdi ki, maraq mənə güc gəldi və üzümü onlara tutub kəşfiyyat xarakterli “deyəsən, siz də bugünkü final barədə danışırsısz” söylədim. Sonradan adını öyrəndiyim Laçın qardaş sanki bir himə bənd imiş kimi “hə, mən deyirəm oyunun favoriti “Qusar”dı. Bu isə - qarşısında oturanı göstərib – “Köhnəqala”nın qalib gələcəyini deyir”. Laçın və yanındakı dostu ilə söhbətimiz təxminən bir saata yaxın uzandı, çox şeydən danışdıq. Ancaq əsas mövzu Qusarda, ümumiyyətlə, Şimal zonasında futbolun bugünkü durumu oldu. Onun sözlərinə görə, Qusarda futbol çox sevilməsinə baxmayaraq, bu sahəyə diqqət ayrılmır və istedadlı gənclər itib-batırlar. Laçın onu da qeyd etdi ki, bu yaxınlarda əslən Qusardan olan “Metak” şirkətinin prezidenti rayonda yeni stadion tikmək istəyib. Hətta bunun üçün yer də tapıb. Ancaq torpaq sahibi 3 hektar yerə görə 120 min dollar istəyib: “Bədbəxt oğlu o torpaqdan heç düz-əməlli istifadə etmir. Eşidib ki, tanınmış şirkətin sahibidi, qiymət oxudu. Ona görə də bu gündəyik. İl ərzində ordan 1000 manat qazanmır, 120 min dollar istəyir”. Bu sözləri isə Laçının yanındakı dostu dedi. Başımız yeni dostlarla söhbətə elə qarışmışdı ki, Kamran bəyi tamam unutmuşduq. Təxminən 1 saatdan sonra Əlibabayev sabiq referi, hakim karyerasını başa vurandan sonra hakim-inspektor kimi oyunlara təyinat alan, hazırda isə işsiz qalan Aklif Əliyevlə birgə əyləşdiyimiz çayxanaya gəldi. Görüşüb hal-əhval tutandan sonra rayon birinciliyinin keçirildiyi “Zarya” stadionuna getməli olduğumuzu bildirdi. Çempionatın həlledici qarşılaşmasından öncə bizi 3-cü yer uğrunda görüş gözləyirdi.

Lülə-kabab, samovar çayı və penalti seriyası
Bürünc medalların taleyinə “Hil”- “Aşağı Ləyər” matçında aydınlıq gəlməliydi. Sovet dönəmindən qalma, torpaq meydanlı stadiona (stadion demək olarsa...) çatanda meydanın ətrafında təxminən 1000-ə yaxın azarkeş yığılmışdı. Özlüyümdə “deyəsən, Əlibabayev də “pripiska” ilə məşğuldu” deyə, düşünməyə başladım. 3000 hara, gördüyüm mənzərə hara? Ancaq onu da deyim ki, azarkeşlərin rahatlığını nəzərə alan təşkilatçılar hər cür şərait yaratmışdılar. Stadionun ətrafında manqal qoyulmuşdu. Matça baxa-baxa toqqasının altını bərkitmək istəyənlər 2 manatından keçib lülə-kabab yeyə bilərdilər. Bundan başqa, futbolsevərlərə samovar çayı da təklif olunurdu. 1 manat verənin stoluna azı 10-12 armudu stəkan tutan çaynik gəlirdi. Sərinləşdirici içkilər də öz yerində . Qiymətlər də qeyd etdiyim kimi, çox münasib. Daha BOS və yaxud başqa arenalarımızdakı kimi qiymətlər “göz yandırmırdı”. Üçüncü yer uğrunda görüş saat 15.00-da başladı və “Hil”in 5:1 hesablı qələbəsi ilə yekunlaşdı. Həlledici oyuna dəqiqələr qaldıqca “tribunalar”, daha dəqiq desək, meydanın ətrafında çevrə sıxlaşmağa başladı. Bir də onda ayıldım ki, final matçını izləmək üçün “Zarya”ya 2000-dən artıq azarkeş təşrif buyurub. Bu yerdə Qusarın polis əməkdaşlarını xüsusi qeyd etmək istəyirəm. Bazar günü olmasına baxmayaraq, asayiş keşikçiləri yenə öz amplualarında idilər və təhlkəsizliyi təmin etmək üçün əllərindən gələni edirdilər. Onu da bildirim ki, Qusar polisinin əməkdaşları finalı izləmək üçün stadiona gələn azarkeşlərə münasibətdə çox nəzakətlə davranırdılar. Hakimin həlledici qarşılaşmanın başladığını bildirən fiti səslənəndə isə artıq “Zarya”da bəlkə də 3 mindən çox azarkeş var idi.

Böyük marağa səbəb olan oyunun ilk yarısı bərabər səviyyədə keçdi. 65-ci dəqiqədə “Qusar”ın avtoqolundan sonra hesab açıldı. Həmin an kənd komandasına azarkeşlik edənlərin qol sevincini görməyə dəyərdi. Hesabda önə çıxan “Gündüzqala” nədənsə tam heyətlə müdafiəyə çəkiləməyə üstünlük verdi. Və bunun nəticəsi kimi əsas vaxtın sonuna 5 dəqiqə qalmış “Qusar” bərabərlik qolunu vurmağa müvəffəq oldu. Yeri gəlmişkən, hər iki komandanın heyətində peşəkar liqada çıxış edən futbolçular yer almışdılar ki, yarışın Əsasnaməsinə uyğun onların sayı 3-dən artıq ola bilməzdi. “Gündüzqala”da İlham Allahverdiyev, Sabir Allahquliyev kimi divizionda ad çıxarmış hücumçular oynayırdılarsa, qarşı tərəfdə Region Liqasında mübarizə aparan “Şahdağ”ın oyunçuları var idi. Matça gəlincə, əlavə vaxtda da hesab dəyişmədi və tərəflər qalibi penalti seriyasında müəyyənləşdirməli oldu. Daha sərrast olan “Gündüzqala” “lotereya”da Qusar rayon birinciliyinin qalibi adını qazandı – 4:2.

Təltifat mərasimində çıxış edən tədbir təşkilatçılarından Akif Əliyev yarışın keçirilməsində zəhməti olan hamıya təşəkkür etdi. Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov turnirin futbolun inkişafına töhfə verməsini xüsusi qabartdı.
Bundan sonra birinciliyin ən yaxşıları, habelə ilk “üçlük”də qərarlaşan komandalar mükafatlandırıldı.

Son söz əvəzi...
Birgünlük Qusar səfərim bir daha göstərdi ki, bölgələrdə futbolu necə sevirlər. Ola bilsin, stadion o səviyyədə deyildi, meydan torpaq idi, təşkilatçılıqda müəyyən qüsurlar yaşanırdı. Ancaq əsas budu ki, adamlar futbol həyəcanı yaşadılar, məğlubiyyətə kədərlənib, qələbəyə sevindilər. Bir aydan bir az artıq müddətdə həvəskar şəkildə olsa da, Qusarda yenidən futbol həyəcanı yaşandı. Laçın və dostu, taksi sürücüsü Saşa yenə keçmiş günlərə qayıtdılar, evlərində narazılıq yaşansa da, iki saatını futbola həsr etdilər. Kim deyirsə, Azərbaycanda futbola maraq yoxdu, böyük səhvə yol verir. Bu cür düşünənlər pul qazandıqları vaxtdan bir gün ayırıb rayonlara çıxsınlar. Bu hələ bir zonada – Şimalda yaşananlar idi. Unutmayın ki, Azərbaycanın cənubu, qərbi, şimal-qərbi, mərkəzi və Naxçıvanı var. Sonda mənə xoş istirahət günü yaşadan, sadə bölgə azarkeşi ilə görüşdürən hər kəsə təşəkkürümü bildirirəm.

RƏŞAD

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər