Vətən müharibəsi başa çatdı.
Artıq Qarabağda yenidənqurma işləri görülür. Amma 1 ilə yaxındı “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun taleyinə aydınlıq gəlməyib. Bildiyiniz kimi, UEFA onu “feysbuk”da yazdığı statusa görə futboldan ömürlük uzaqlaşdırmışdı. Bunun nəticəsində Nurlan bəy İdman Arbitaj Məhkəməsinə (CAS) şikayət etmişdi. Bir müddət öncə vəkili Fərid Haqverdiyev məsələ ilə bağlı avqustun sonlarında CAS-ın iclasının olacağını bildirmişdi. Amma ortada heç nə yoxdu.
Dünən Fərid bəylə yenidən əlaqə saxlayıb, prosesin hansı müstəvidə olduğunu öyrəndik:
“Avqustun sonunda qərar verildi ki, işin mahiyyətinə, faktiki detallarına baxılsın. Bununla bağlı prosesi dinləyib-dinləməyəcəyimizi soruşdular. Biz də dinləmənin keçirilməsini istədik. İdman Abritaj Məhkəməsinin iclaslarının gündəliyində Nurlan İbrahimovun UEFA-ya qarşı işi də yer alıb. Görüş onlayn formatda olacaq. Buna səbəb COVID-19 pandemiyasının hələ də davam etməsidi. Burda tərəflər çıxış edirlər. Öz arqumentlərini, dəlillərini irəli sürürlər. Əlavə şahidlər varsa, onlar dindililir. Daha sonra hakimlərin sualları cavablandırılır. Təbii ki, bu proses ictimaiyyətə qapalı olur. İclas bitəndən təxminən 3 həftə sonra yekun qərar qəbul olunur. Qərarın nəticə hissəsi ictimaiyyətə açıqlanır. Bir müddət sonra isə hesabat hissəsi ictimaiyyətə təqdim olunur. Düşünürəm ki, noyabrın 25-dən gec olmayaraq yekun qərar açıqlanacaq. Yəqin ki, bir dinləmə keçiriləcək. İdman Abritaj Məhkəməsində işin mürəkkəbliyindən asılı olaraq, 2 və ya 3 dinləmə keçirilir. Amma bizim məsələmizdə, düşünmürəm ki, belə olsun. Biz dinləmənin keçirilməsini tələb etdik. Çünki istəyirdik ki, Nurlan bəy öz müdafiəsini təşkil etsin, hakimlərin hansısa tərəddüdü olarsa, müvəkkilim şəxsən sualları cavablasın. Bir daha qeyd edim ki, yekun qərar noyabrın sonuna kimi bilinəcək”.
İLKİN SULTANLI