Avqustun 26-29-u aralığında Bakıda milli komandamızın yoxlama xarakterli təlim-məşq toplanışı keçirildi.
Hazırlıq prosesindən sonra yığmanın baş məşqçisi Canni de Byazi dünya çempionatının seçmə mərhələsinin üç oyunu üçün 25 nəfərlik yekun siyahını açıqladı. Yoxlama xarakterli toplanışa dəvət alıb, rəsmi görüşlərə çağrılmayan bir neçə futbolçu var ki, dünən onlarla əlaqə saxlayıb fikirlərini öyrəndik. Təəssüf ki, yalnız iki futbolçu təəssüratını bizimlə bölüşdü.
Şəhriyar Əliyev: “Bakıda yoxlama xarakterli toplanış oldu. Üç gündən sonra isə yekun siyahı açıqlandı. Rəsmi oyunlara 25 futbolçu dəvət aldı. Təəssüf ki, o siyahıda yer ala bilmədim. Bunun səbəbi haqda baş məşqçi ilə danışdıq. Mənə viza ilə bağlı problemin olduğu deyildi. Ona görə də gedə bilmədim. İnanıram ki, qarşıdakı toplanışa dəvət alacam”.
Bəxtiyar Həsənalızadə: "Bəli, uzun müddətdən sonra milli komandaya dəvət olundum. Həqiqətən də xoş oldu mənim üçün. Milli komandanın ab-havasını yenidən duymaq məni çox sevindirdi. Yaxşı məşqlər etdik. 3 gündən sonra məşqçi ilə söhbətimiz oldu. Mənə vizamın olmadığını dedi. Bildirdi ki, bu, oyunlara yollanmağıma mane olur. Çalışacam ki, klubumun heyətində qarşıdakı oyunlarında özümü daha yaxşı tərəfdən göstərim və yenidən millinin heyətinə dəvət alım”.
GÜNAY VƏLİYEVA