Kurt Zuma “Çelsi”ni tərk edib.
O, iş yerini dəyişsə də, bundan sonra da Londonda yaşayacaq.
26 yaşlı müdafiəçi “Vest Hem”ə satılıb. Fransız futbolçu “çəkicdöyənlər”lə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə razılaşıb. Keçidin maliyyə detallarına aydınlıq gətirilmir. Zuma müqavilə ilə “Çelsi”yə 2014-cü ildən bağlı idi. Paytaxt klubu onu ötən müddətdə üç dəfə - “Sent-Etyen”, “Stok Siti” və “Everton”a icarəyə vermişdi. Kurtun “zadəganlar”ın formasında premyer-liqada 99 oyuna 6 qol vurduğunu da qeyd edək.
Tyemue Bakayoko “Çelsi”ni növbəti dəfə tərk edib. London klubu futbolçusunu yenə “Milan”a göndərib. İtaliya klubunun saytının xəbərində 27 yaşlı yarımmüdafiəçinin milanlıların sıralarında iki il müddətində icarə əsasında oynayacağı bildirilir. Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm icarə əsasında A seriyasının daha bir təmsilçisində - “Napoli”də çıxış edib. Bakayoko bu komandada meydana çxıdığı 44 matçda 2 qol vurub və 2 məhsildar ötürmə verib. Onun 2018/19 mövsümündə də “Milan”da icarədə olduğunu da xatırladaq.
Yeri gəlmişkən, “Sevilya”nın müdafiəçisi Jül Kunde karyerasını böyük ehtimalla İngiltərədə davam etdirəcək. “Çelsi”nin ona görə 55 milyon avro ödəyəcəyi, fransız futbolçunun londonlularla 5 illik müqavilə imzalayacağı xəbər verilir. 22 yaşlı Kunde “Sevilya”nın formasını 2019-cu ildən geyir.