Sabah keçiriləcək Lüksemburq - Azərbaycan oyunundan öncə millimizin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı baş tutub.
Sizi 65 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
"Sabah qrupda 3-cü oyunumuza çıxacağıq. Çox vacib qarşılaşmadı. Hazırda xalımız yoxdu. Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, yaxşı oyun göstərəcəyik. Meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Qısa müddətdə 3 vacib görüş keçirəcəyik. Yaxşı başlamaq istəyirik.
Bunun üzərində işləmişik. Komandamız getdikcə daha da inkişaf edir. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq. Bir gündə hər şeyi dəyişmək olmaz. Artıq daha çox inanmağa başlayırıq. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram.
İstərdim ki, bütün futbolçularım əllərindən gələni etsin. 5 əvəzetmə haqqımız var. Kimlər fiziki cəhətdən çatdırmasa, əvəzlənəcək".
Qeyd edək ki, sentyabrın 1-də Lüksemburq stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 22.45-də başlayacaq.