“Real”ın Kilian Mbappe ilə bağlı planı baş tutmayıb. İspaniya klubunun rəhbərliyi PSJ-nin hücumçusunu bu yay transfer etmək fikrindən daşınıb.
“Sky Sports”un yaydığı məlumata görə, buna qarşı tərəfin oyunçusunu satmağa meyilli olmaması şərait yaradıb. Belə ki, Paris klubu madridlilərin fransalı futbolçu üçün göndərdiyi son təklifə müəyyən edilmiş müddətdə cavab verməyib və nəticədə “Real” sonrakı danışıqlar üçün növbəti cəhdlərə əl atmağı lazım bilməyib.
Xatırladaq ki, PSJ sonuncu dəfə qarşı tərəfin 170 milyon avro təzminat və 10 milyon avro bonusun nəzərdə tutulduğu təklifini rədd etmişdi.
Kilianla bağlı planı alınmayan “Real” dərhal heyətinə yeni futbolçu qatmaq üçün hərəkətə keçib. Tanınmış jurnalist Fabritsio Romanonun yaydığı məlumatda “kral klubu”nun “Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqanın transferi ilə bağlı razılığa gəldiyi bildirilib.
18 yaşlı futbolçu artıq yeni klubu üçün tibbi müayinədən də keçib. İspaniya nəhənginin bu keçidə görə bonuslar da daxil olmaqla 31 milyon avro ödəyəcəyi qeyd edilir.